Beynəlxalq Futbol Federasiyası (FIFA) Seneqal millisinə 2026-cı il dünya çempionatında istifadə ediləcək formaların üzərində Afrika Millətlər Kubokundakı qələbəni simvolizə edən ulduzun yer almamasını tələb edib.
Moderator.az xəbər verir ki, bu barədə jurnalist Mayki Cunior "X" sosial şəbəkəsində paylaşım edib.
Qeyd edək ki, Seneqal millisi Afrika Millətlər Kubokunun qalibi adını 2021-ci ildə qazanıb.
FIFA-nın mövcud qaydalarına əsasən, formaların üzərində ulduzlardan yalnız dünya çempionu olmuş və ya buna ekvivalent hesab edilən rəsmi titulları qazanmış milli komandalar istifadə edə bilərlər.
Məlumata görə, iyunun 13-də FIFA Misir millisinə qarşı da analoji qərar qəbul edib. Belə ki, Misir yığması formalarında Afrika Millətlər Kubokunda qazandığı yeddi çempionluğu simvolizə edən yeddi ulduzdan istifadə etməyi planlaşdırırdı.
Bundan əlavə, FIFA misirli futbolçuların formalarında qızılı çalarlı nömrələrdən istifadə etməsinə də icazə verməyib və daha kontrast rəng seçilməsini tələb edib.