İyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb, sülh gündəliyi ilə bağlı müzakirələr aparıblar. Görüş zamanı tərəflər sülhün bərpası üçün dialoqun davam etdirilməsinin önəminə toxunublar.
Görüşdə hər iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında etimad quruculuğu tədbirləri barəsində də müzakirələr aparılıb, növbəti görüşün Azərbaycanda keçirilməsinə qərar verilib.
Qeyd edək ki, Hikmət Hacıyevin Dilican görüşü bir çox aspektdən mühüm əhəmiyyətə malikdir. Bu görüş hər şeydən öncə Azərbaycanın sülh səylərinin məntiqi davamı, növbəti mərhələsidir. Dilican görüşü sübut edir ki, Azərbaycan Ermənistanla sülh müqaviləsini mümkün qədər qısa zamanda imzalmaqda maraqlıdır və bunun üçün qarşı tərəflə aktiv danışıqlar aparır, diplomatik görüşlər keçirir.
İkincisi, Hikmət Hacıyevin Armen Qriqoryanla görüşü və görüş əsnasında müzakirə edilən məsələlər göstərir ki, Azərbaycan etibarlı və uzunmüddətli sülhün formalaşması üçün hər iki xalq arasında qarşılıqlı etimad mühitinin yaradılmasını vacib hesab edir. Yəni rəsmi Bakı hesab edir ki, iki dövlət arasında imzalanacaq sülh müqaviləsinin etibarlı olması üçün keçmiş münaqişə tərəfləri arasında cəmiyyət səviyyəsində etimad formalaşmalı, dövlətlərlə yanaşı, vətəndaşlar da bu sülhün zəruriliyini, əhəmiyyətini dərk etməlidirlər.
Dilican görüşündə müzakirə edilən digər bir məqam isə vətəndaş cəmiyyəti institutlarının etimad quruculuğu tədbirləri, bu tədbirlərin ümumi sülh prosesinə faydası ilə bağlıdır. Xatırladaq ki, Hikmət Hacıyev Bakıda Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyasındakı çıxışında vətəndaş cəmiyyəti institutlarının sülh və sabitliyin formalaşmasındakı roluna diqqət çəkmiş, bu rolu artırmağın zəruriliyini qeyd etmişdir:
“Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını da özümüz təmin etdik. Buna görə də Qlobal Cənub ölkələri olaraq, çoxtərəfli institutlarda və beynəlxalq sistemdə artıq ikili standartların və müxtəlif çətinliklərin mövcud olduğunu anlayaraq, öz regionlarımızda liderliyi öz üzərimizə götürməli, sülh və nizamı, əməkdaşlıq və birgə fəaliyyəti təmin etməliyik. Azərbaycan dost və tərəfdaş kimi bütün bu təşəbbüslərə töhfə verməyə hazırdır. Biz buna öz regionumuzdan başlayırıq. Biz sülhü, ədaləti, əməkdaşlığı və birgə fəaliyyəti qururuq. Bunu deməklə yanaşı, Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyəti institutları və QHT-ləri ilə bir araya gəlməkdə məqsədimiz ölkələrimizin rəsmi diplomatik kanallarını əvəz etmək deyil. Amma əminəm ki, siz mənimlə razılaşarsınız ki, biz onların səylərini tamamlayıcı şəkildə dəstəkləyə bilərik. Biz cəmiyyətlərimizin və icmalarımızın səsini qlobal səviyyədə daha yaxşı eşitdirə və onların gözləntilərinə və arzularına cavab verə bilərik. Əminəm ki, Baş Assambleya vasitəsilə QHT-lərin və vətəndaş cəmiyyəti institutlarının potensialını bir araya gətirməklə biz bu təşəbbüslərə qlobal səviyyədə töhfə verəcəyik”.
Hikmət Hacıyevin məlum açıqlamasından da göründüyü kimi, Azərbaycan dövləti sülh və sabitliyin formalaşmasında QHT-lərin rolunu, onların əməkdaşlığını vacib hesab edir. Bu baxımdan, Hikmət Hacıyevin Dilican görüşünün sülh prosesində vətəndaş cəmiyyəti institutlarının rolunun artmasına müsbət təsir göstərəcəyi, QHT-lərin bu prosesdəki aktivliyini sitimullaşdıracağı ehtimalı böyükdür.
Seymur ƏLİYEV