"Vaşinqtonda hesab edirlər ki, Netanyahu artıq prosesə mane ola bilməz..."
ABŞ prezidenti Donald Trampın İranla yaxın günlərdə sülh sazişi imzalaya biləcəyi barədə xəbərlər İsrailin baş naziri Benyamin Netanyahu üçün xoş deyil.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.
Netanyahu Trampın planını dayandıra bilmir
Nəşrin məlumatına görə, İsrail lideri hazırlanmaqda olan razılaşmaya skeptik yanaşsa da, Vaşinqtonda onun artıq prosesin qarşısını ala bilməyəcəyi düşünülür. Bildirilir ki, Tramp ötən həftə Netanyahu ilə telefon danışığında İranla sazişin yekun mərhələyə çatdığını deyib və "Bu, yaxşı sazişdir, müharibəni bitirməyin vaxtıdır" mesajını verib.
"Axios" qeyd edir ki, Netanyahu qarşıdurmanın Tehranda hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyinə ümid edirdi. Lakin indi o, fakt qarşısında qalıb. ABŞ rəsmilərinin sözlərinə görə, Netanyahu artıq Trampın qərarına mane ola bilməyəcəyini anlayır və yekun sənəddə İranın nüvə proqramı ilə bağlı narahatlıqların nəzərə alınacağına ümid edir.
İsrail razılaşmadan narahatdır
Nəşr yazır ki, İsrail rəsmiləri açıq şəkildə Trampı tənqid etməsələr də, qapalı müzakirələrdə sazişə şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, İran müharibə bitdikdən sonra danışıqları uzada və neft satışından əldə etdiyi gəlirlərlə mövqelərini gücləndirə bilər.
İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, Tramp ABŞ maraqlarını rəhbər tutaraq sazişə can atır. Bununla yanaşı, İsrail İranın nüvə proqramı və raket potensialı ilə bağlı ortaq prinsiplərin qorunacağını gözləyir və lazım gəldikdə müstəqil hərəkət etmək hüququnu özündə saxlayır.
Yekun qərar Vaşinqtonun əlindədir
Mümkün sazişin ən həssas məqamlarından biri Livandakı vəziyyət və "Hizbullah" amilidir. ABŞ bildirir ki, qruplaşmanın hücumları və İranın ona dəstəyi davam edərsə, bu, razılaşmanın şərtlərinə zidd olacaq.
Vaşinqton eyni zamanda İsraili əmin etməyə çalışır ki, Tehran hər hansı üstünlük əldə etməzdən əvvəl öhdəliklərini yerinə yetirməli olacaq. Bununla belə, "Axios" hesab edir ki, müharibə İsrailin elan etdiyi məqsədlər reallaşmadan başa çatarsa, bu, Netanyahu üçün ciddi siyasi və strateji zərbə olacaq. Hazırkı vəziyyət isə göstərir ki, prosesin taleyi artıq daha çox Vaşinqtonun əlindədir.