İsrail Ordusu Beyruta endirilən zərbədən sonra yaxın saatlarda ölkə ərazisinin atəşə tutulacağını ehtimal edib.
Moderator.az-ın ordunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu qiymətləndirmə İsrailin Müdafiə Ordusunun baş qərargah rəisi general-leytenant Eyal Zamirin sədrliyi ilə keçirilən əməliyyat iclasının yekunlarına əsasən verilib. Görüş Beyrutun ətrafındakı şəhərdə iranyönlü "Hizbullah"ın obyektinə endirilən zərbədən sonra baş tutub.
"Vəziyyətin qiymətləndirilməsinə əsasən, İsrailin Müdafiə Ordusu yaxın saatlarda İsrail ərazisinin atəşə tutulmasına hazırlaşır", - hərbçilər bildirib.
Mətbuat xidməti ordunun yüksək hazırlıq vəziyyətində olduğunu, müxtəlif müdafiə və hücum hərəkətlərinə hazırlığını vurğulayıb və əlavə edib ki, İsrail ərazisinin atəşə tutulmasına dözməyəcək.
Bununla yanaşı hazırda ölkədəki mülki şəxslər üçün heç bir xüsusi təlimat verilməyib.