"Süni intellekt sistemləri ilə ünsiyyətdə şəxsi məlumatların qorunması əsas qaydaya çevrilir..."


İstifadəçilərin ChatGPT və digər süni intellekt sistemlərindən istifadəsi genişləndikcə, kiber təhlükəsizlik mütəxəssisləri mühüm xəbərdarlıq edirlər.






Moderator.az xəbər verir ki, bu barədə "The Times of India" nəşri yazıb.


Süni intellekt ilə ünsiyyətdə paylaşılmamalı olan məlumatlar


Nəşr yazır ki, bəzi məlumatların süni intellekt platformalarına verilməsi ciddi risklər yarada bilər. Mütəxəssislərin fikrincə, istifadəçilər ünvan, telefon nömrəsi, e-poçt və digər şəxsiyyəti müəyyən edən məlumatları paylaşmamalıdır. Eyni zamanda bank kartı məlumatları, hesab rekvizitləri və digər maliyyə informasiyaları da təhlükəli sayılır.


Ekspertlər xüsusilə parolların və giriş məlumatlarının heç bir halda süni intellekt sistemlərinə daxil edilməməsini tövsiyə edirlər. Bundan başqa, şəxsi sirlər və məxfi məlumatların da bu platformalarda paylaşılması riskli hesab olunur.


Həmçinin vurğulanır ki, süni intellekt tibbi məsələlərdə yalnız ümumi məlumat verə bilər və sağlamlıqla bağlı detallı informasiyalar həkimlərlə birbaşa müzakirə edilməlidir. Açıq və həssas məzmunlu materialların paylaşılmasından da çəkinmək tövsiyə olunur.


Süni intellekt kiber hücumların yeni alətinə çevrilir


Ekspertlər bildirir ki, süni intellekt artıq yalnız texnoloji yenilik deyil, həm də kiber təhlükəsizlik üçün ciddi risk amilidir. Beynəlxalq Valyuta Fondu (BVF) transmilli cinayətkar şəbəkələrinin süni intellekt texnologiyalarından istifadə edərək maliyyə sistemlərinə hücum etməsi barədə xəbərdarlıq edib.


Ənənəvi fişinq və sadə zərərli proqramların dövrü artıq geridə qalır. Yeni nəsil süni intellekt sistemləri milyonlarla kod sətirini analiz edərək "zero-day" boşluqları aşkar edə bilir və daim yenilənən zərərli proqramlar yaradır.


Daha təhlükəli məqam isə "deepfake" texnologiyalarının inkişafıdır. Bu vasitələrlə şirkət rəhbərlərinin səsi və görüntüsü saxtalaşdırılır, nəticədə milyonlarla dollarlıq saxta köçürmələr həyata keçirilir. Bundan əlavə, süni intellekt vasitəsilə maliyyə bazarlarının manipulyasiyası və kütləvi panikaların yaradılması riski də artır.


Qlobal maliyyə sistemi yeni sistemli təhdidlə üz-üzədir


Beyməlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, süni intellektin silah kimi istifadəsi qlobal maliyyə sistemində yeni və sistemli zəifliklər yaradır. Transmillət cinayətkar təşkilatlar artıq bu texnologiyalardan istifadə edərək beynəlxalq tranzaksiyaların yoxlanış mexanizmlərini aşmağa çalışırlar.


Bu isə bank sistemlərində təhlükəsizlik pozuntularının həm sayını, həm də miqyasını artırır. Ənənəvi iqtisadi risklərdən fərqli olaraq, bu dəfə təhlükə daha çox rəqəmsal hücumlar və avtomatlaşdırılmış sistemlərdən qaynaqlanır.


Ekspertlər hesab edir ki, bu proses davam edərsə, maliyyə bazarlarında sabitlik pozula, hətta bəzi ölkələrdə kütləvi bank panikaları yarana bilər. Bu isə birbaşa makroiqtisadi sabitliyi təhdid edir.