Portuqaliyanın Baş naziri Luiş Monteneqro milli komandanın üzvlərinə həyatını itirən hücumçu Dioqu Jotanın xatirəsinə qolbaqlar hədiyyə edib.
Moderator.az Sport24.ru-ya istinadən xəbər verir ki, bu barədə yarımmüdafiəçi Vitinya mətbuat konfransında bildirib.
Futbolçu vurğulayıb ki, oyunçular 2026-cı il dünya çempionatının matçlarında meydana bu qolbaqlarla çıxacaqlar.
"Baş nazirlə görüşəndə o, meydanda taxmağımıza icazə verildiyindən əmin olduqdan sonra bu qolbaqları bizə hədiyyə etdi. Qolbaqların üzərində həm bizim adlarımız, həm də Dioqu Jotanın adı yazılıb. Monteneqro bildirdi ki, onları taxıb-taxmamaq qərarını özümüz verə bilərik. Biz bu qolbaqları böyük ruh yüksəkliyi ilə qəbul etdik və onları taxmağa qərar verdik", - deyə Vitinya bildirib.
Xatırladaq ki, "Liverpul"un və Portuqaliya millisinin keçmiş futbolçusu Dioqu Jota və onun qardaşı Andre Teyşeyra da Silva 2025-ci il iyulun 3-də İspaniyanın şimal-qərbində baş verən avtomobil qəzasında həyatlarını itiriblər.
(oxu.az)