"İsrail 2 saat belə, davam gətirməzdi..."-Tramp İranla son saziş barədə 28 dəqiqəlik müsahibəsində nələr danışdı?..
15 Jun 2026, 07:37 4 baxış 3 dəq oxuma
Amerikanın "The New York Times" qəzeti ABŞ prezidenti Donald Trampın İranla razılaşma ilə bağlı telefon söhbətinin təfərrüatları barədə məlumat verərək yazıb ki, o, razılaşmanın nəticə etibarilə Hörmüz boğazının "əbədi olaraq fəsadlardan azad" qalmasını təmin edəcəyini iddia edib.
Moderator.az xəbər verir ki, bu haqda İranın rəsmi "Mehr" agentliyi məlumat yayıb.
28 dəqiqəlik bu söhbətdə Tramp iddia edib ki, onun administrasiyasının fevralın sonlarında İrana hücum etmək qərarı, eləcə də Hörmüz boğazı ilə bağlı hadisələrdən sonra İran limanlarına dəniz blokadası tətbiq etməsi regional balansı ABŞ-ın xeyrinə dəyişdirib.
O, İsrail Baş naziri B. Netanyahu haqqında belə deyib: "O, çox çətin insandır və düzünü desəm, bu razılaşmaya görə bizə təşəkkür etməlidir, çünki İranın nüvə silahı olsaydı, İsrail iki saat belə, davam gətirməzdi."
Lakin "New York Times" qəzeti xəbərinə davam edərək, müqavilənin tam mətninin hələ dərc olunmadığını və Trampın bəzi iddialarının ya hələ razılaşdırılmamış, ya da sonrakı danışıqlara təxirə salınmış məsələlərlə əlaqəli olduğunu vurğulayıb.
Tramp müsahibədə İranda uran zənginləşdirilməsinin gələcəyi ilə bağlı danışıqların hələ də davam etdiyini etiraf edib. O, Vaşinqtonun zənginləşdirməyə 20 illik moratorium qoymaq istədiyini iddia edib, lakin 15 illik moratoriumun qəbul edilməsi ehtimalını da dilə gətirib. Ancaq Trampın sözlərinə görə, İrana istənilən halda yalnız aşağı səviyyədə zənginləşdirməyə icazə veriləcək.
"The New York Times" qəzeti söhbətinin sonunda qeyd edib ki, 2015-ci il nüvə sazişində İranın nüvə proqramına da oxşar məhdudiyyətlər var idi, lakin Tramp administrasiyası 2018-ci ildə birtərəfli qaydada sazişdən çıxdıqdan sonra Tehran zənginləşdirmə səviyyələrini artırıb.