"Netanyahu anlamalıdır ki, İranın nüvə silahı olsaydı, İsrail iki saat belə mövcud qala bilməzdi..."


ABŞ prezidenti Donald Tramp İranla əldə olunduğu açıqlanan razılaşmadan sonra verdiyi ilk müsahibələrdə Rusiya prezidenti Vladimir Putinin və Çin lideri Si Tszinpinin vasitəçilik səylərini yüksək qiymətləndirib, İsrailin baş naziri Benyamin Netanyahunun hərəkətlərini isə sərt tənqid edib.






Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb. 


"Netanyahu bu addımı atmamalı idi"


"The New York Times", "The Wall Street Journal" və "Fox News"a müsahibələrində Tramp bildirib ki, İsrailin Beyrut ətrafına endirdiyi zərbələr İranla aparılan danışıqları pozmaq təhlükəsi yaradıb. "Netanyahu çox mürəkkəb insandır. Açığını desəm, o, bizim etdiklərimizə görə minnətdar olmalıdır. Çünki İranın nüvə silahı olsaydı, İsrail iki saat belə mövcud qala bilməzdi", - deyə Tramp vurğulayıb.


ABŞ prezidenti "Wall Street Journal"a açıqlamasında isə bildirib ki, İsrailin son zərbələri vəziyyəti daha da gərginləşdirib: "Bu addım atılmamalı idi. Mənim bundan xoşum gəlmədi. Bir tərəf cavab zərbəsi endirir, sonra digəri cavab verir və bu prosesin sonu görünmür". Bununla belə, Tramp Netanyahunun İranla razılaşmaya prinsipial etiraz etmədiyini də qeyd edib. Onun sözlərinə görə, sazişin əsas nəticəsi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır ki, bu da İsrailin maraqlarına uyğundur.


İranla razılaşmanın əsas məqamları


Məlumata görə, Vaşinqton və Tehran arasında ilkin memorandum əldə olunub. Sənəd 60 günlük atəşkəs rejimini, Hörmüz boğazında gəmiçiliyin bərpasını və yekun saziş üzrə danışıqların başlanmasını nəzərdə tutur. Pakistanın vasitəçiliyi ilə əldə olunduğu bildirilən razılaşmanın rəsmi imzalanmasının iyunun 19-da İsveçrədə keçirilməsi planlaşdırılır. İran tərəfi nüvə silahı yaratmamaq öhdəliyini təsdiqləyəcəyini bəyan etsə də, sanksiyaların yumşaldılması, dondurulmuş vəsaitlərin qaytarılması və iqtisadi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tələblərini də gündəmə gətirib.


"Bu saziş bölgəyə sülh gətirəcək"


ABŞ prezidenti əldə olunan razılaşmanı özünün ən mühüm diplomatik uğurlarından biri adlandırıb. "Bir çox prezident İranla sülh əldə etməyə çalışdı və uğursuz oldu. İlk dəfədir ki, region liderləri onlara həqiqi sülh əldə etməyə kömək edə biləcək prezident tapıblar", - deyə Tramp bildirib. Onun sözlərinə görə, saziş qüvvəyə minərsə, Hörmüz boğazında gəmiçilik tam bərpa olunacaq, enerji bazarlarında sabitlik yaranacaq və Yaxın Şərqdə yeni təhlükəsizlik sistemi formalaşa bilər.


Bununla yanaşı, Tehran rəsmiləri razılaşmanı ABŞ-ın deyil, İranın diplomatik uğuru kimi təqdim edir. İran tərəfi yekun sazişin yalnız qarşı tərəfin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən sonra qüvvəyə minəcəyini vurğulayır. Beləliklə, tərəflər razılığa gəldiklərini bəyan etsələr də, sazişin real nəticələrinin yaxın həftələrdə keçiriləcək danışıqlardan və öhdəliklərin icrasından asılı olacağı bildirilir.