"Rusiya iqtisadiyyatındakı problemlər, artan hərbi xərclər və cəbhədə gözlənilən nəticələrin əldə olunmaması fonunda bəzi siyasətçilər Kreml siyasətini açıq şəkildə tənqid etməyə başlayıb..."
Rusiyada uzun müddətdir hakimiyyət ətrafında nümayiş etdirilən birlik görüntüsünün zəiflədiyini göstərən siqnallar artır.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Putinə yönələn açıq tənqidlər çoxalır
Nəşrin yazdığına görə, son aylarda bir sıra ictimai xadimlər və siyasətçilər Kremlin Ukraynadakı müharibə ilə bağlı siyasətini açıq şəkildə tənqid etməyə başlayıb. Onlardan biri, Dövlət Dumasının deputatı Vyaçeslav Marxayev Putindən müharibənin başa çatdırılması ilə bağlı aydın plan tələb edib.
Deputat bildirib ki, Rusiya korrupsiya, oliqarxların təsiri, fəal əhalinin itirilməsi və Ukrayna dronlarının hücumları kimi problemlərlə üzləşib. Onun sözlərinə görə, "illüziyalar dövrü başa çatıb" və ölkə ciddi sosial böhrana yaxınlaşır.
İqtisadi problemlər narazılığı artırır
"The Telegraph" qeyd edir ki, narazılığın əsas səbəblərindən biri iqtisadi vəziyyətdir. İnflyasiya yüksək olaraq qalır, iqtisadi artım zəifləyir, enerji obyektlərinə zərbələr isə Rusiyanın gəlirlərinə mənfi təsir göstərir.
Ekspertlərin hesablamalarına görə, 2026-cı ilin əvvəlində Rusiyanın hərbi xərcləri 30 faizdən çox artaraq büdcə xərclərinin 46 faizinə çatıb. May ayında deputat Renat Suleymanov da müharibənin davam etməsinin iqtisadiyyat üçün ağır nəticələr doğuracağını bildirib. Kremlə yaxınlığı ilə tanınan bloger İlya Remeslo da son aylarda hakimiyyəti tənqid edənlər sırasına qoşulub.
Nabiullina ətrafında iddialar
Müzakirələrə səbəb olan digər məqam isə Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanın bir sıra mühüm tədbirlərdə görünməməsi olub. Müstəqil mənbələrə istinadən yayılan məlumatlarda onun müharibənin daha da genişləndirilməsi və sərt məhdudiyyətlərin tətbiqinə qarşı çıxdığı iddia edilir.
Bu məlumatlar rəsmi təsdiqini tapmasa da, analitiklər hesab edirlər ki, Nabiullinanın mümkün istefası Rusiya maliyyə sistemi üçün ciddi siqnal ola bilər. Bununla belə, Putin kursunu dəyişməyə tələsmir. O, son aylarda ikinci dəfə ordunun sayının artırılması ilə bağlı fərman imzalayıb.
Qərb müşahidəçilərinin fikrincə, uzanan müharibə həm iqtisadi, həm də siyasi baxımdan Kreml üçün yeni risklər yaradır və hakimiyyət daxilində narazı səslərin artması bunun növbəti əlamətidir.