Lukaşenko Qəzzadakı soyqırımın Holokostdan da dəhşətli olduğunu ifadə etdi...
16 Jun 2026, 07:01 26 baxış 3 dəq oxuma
Belarus Prezidenti Aleksandr Lukaşenko "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə İsraili sərt tənqid edərək bildirib ki, Qəzza müharibəsindən sonra İsrail hakimiyyəti "başlarını bir yerə toplayıb" ölkənin gələcəyi barədə düşünməlidir.
Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Lukaşenkonun müsahibəsi 15 iyunda yerli dövlət xəbər agentliyi "BELTA" tərəfindən dərc edilib. Orada Belarus lideri İsrail ilə İran arasındakı müharibəni, ABŞ-ın Yaxın Şərqdəki rolunu, Livana endirilən zərbələri və Qəzzadakı vəziyyətdən bəhs edib.
Lukaşenko İsrailin Qəzza zolağındakı hərəkətlərini şərh edərkən ən sərt açıqlamalarını verib. O bildirib ki, Qəzzada çoxlu sayda mülki şəxsin ölümündən sonra dünyanın İsrailin Holokostla bağlı istinadlarına fərqli baxmağa başlayıb.
"Hansı Holokost?!" deyən Lukaşenko əlavə edib ki, Qəzzada "hər şey yer üzündən silinib". O, həmçinin dağıdılmış ərazilərin yerində kurort tikmək ideyasını tənqid edərək bunu "insanların sümükləri üzərində tikinti" adlandırıb.
Bundan sonra Lukaşenko bildirib ki, İsrail "özünün bundan sonrakı mövcudluğu barədə düşünməlidir" və əlavə edib ki, əks halda "hətta nüvə silahları belə, ölkəyə kömək etməyəcək".
İranla müharibədən danışan Lukaşenko, bunun əsasən İsrail və İran arasındakı münaqişə olduğunu və ABŞ-ın müəyyən Amerika liderlərinin siyasəti səbəbindən bu münaqişəyə cəlb olunduğunu iddia edib. O həmçinin İsrailin, onun fikrincə, tamamilə Vaşinqtonun mövqeyindən asılı olduğunu bildirib.
Ayrıca olaraq Lukaşenko ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında Livana edilən hücumlarla bağlı gərginlik barədə məlumatlara münasibət bildirib. Lukaşenkonun sözlərinə görə, Trampın reaksiyası ABŞ-ın İsrailə təsir göstərə biləcəyini nümayiş etdirib.
Belarus lideri həmçinin bildirib ki, İrana hücum edən İsrail və ABŞ Tehrana dəyən ziyanı ödəməyi düşünməlidirlər. O, Yaxın Şərqdəki münaqişələrin hərbi həllinin olmadığını və bütün mübahisəli məsələlərin danışıqlar masasında həll edilməli olduğunu bildirib.
Lukaşenko həmçinin universal nüvə silahsızlaşdırılmasını müdafiə edərək bildirib ki, bu, bütün nüvə güclərinə və nüvə silahına malik ölkələrə, o cümlədən İsrailə şamil edilməlidir.