“Ən çox dəyişdirilən oynaqlar diz və bud-çanaq oynaqlarıdır. Bunun əsas səbəbi sözügedən oynaqların gün ərzində bədənimizin bütün yükünü daşıması və ən çox hərəkətdə iştirak etməsidir”.
 




Moderator.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində travmatoloq-ortoped Valid Novruzov açıqlayıb.
 
Onun sözlərinə görə, insan yeriyəndə, pilləkən qalxanda, oturub-duranda və hətta sadəcə ayaq üstə dayananda belə, ən böyük yük məhz diz və bud-çanaq oynaqlarının üzərinə düşür: “İllər keçdikcə qığırdaq toxuması aşınmağa başlayır, oynaq səthləri hamar quruluşunu itirir və nəticədə ağrı yaranır. Xəstələr əvvəlcə uzun müddət piyada hərəkət edərkən narahatlıq hiss etdiklərini deyirlər, lakin zaman keçdikcə bu ağrılar gündəlik həyatın bir hissəsinə çevrilir. Diz oynağında ağrı ilə yanaşı, şişkinlik, sərtlik və ayağın tam açılıb-bükülməməsi, yəni hərəkət məhdudiyyəti ilə də müşahidə oluna bilər. Bud-çanaq oynağında isə ağrı daha çox qasıq nahiyəsində hiss olunur və bəzən bud və diz nahiyəsinə yayılır”.
 
Travmatoloq-ortoped bildirib ki, müasir tibbdə oynaq endoprotezləşdirilməsi insanların həyat keyfiyyətini ciddi şəkildə yaxşılaşdıran əməliyyatlardan biridir: “Məqsəd yalnız ağrını aradan qaldırmaq deyil, insanın yenidən sərbəst hərəkət edə bilməsini təmin etməkdir. Cərrahi müdaxilədən sonra bir çox xəstə illərlə edə bilmədiyi gündəlik fəaliyyətlərinə qayıda bilir. Son illərdə texnologiyanın inkişafı ilə protezlərin keyfiyyəti və davamlılığı da xeyli artıb. Bunun sayəsində əməliyyatların nəticələri daha uğurlu olur və xəstələr daha aktiv həyat yaşayırlar. Diz və bud-çanaq nahiyələrindən başqa bəzi hallarda çiyin, dirsək və ayaq biləyi oynaqları da dəyişdirilə bilir. Xüsusilə ağır travmalar, revmatik xəstəliklər və ya oynaqda ciddi deformasiya olduqda bu əməliyyatlara ehtiyac yaranır. Ən vacib məqamlardan biri isə, xəstənin vaxtında əməliyyat üçün müraciət etməsidir. Çünki oynaq tam sıradan çıxmadan aparılan müalicə və düzgün planlaşdırılmış əməliyyat nəticələri daha uğurlu edir”.