Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək.
 




Moderator.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
 
Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq. Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən abituriyentlər iştirak edə bilərlər. Həmin abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni artıq çap edə bilərlər.
 
Bundan əlavə, qeyd olunan şəhər və rayonlar üzrə 25-26 may tarixlərində təhsil aldıqları məktəbə müraciət edən şagirdlər (cari və əvvəlki illərin IX sinif şagirdləri) 21 iyunda keçiriləcək imtahanda iştirak edə bilərlər. Həmin şagirdlər də "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
 
Qeyd edək ki, mayın 17-də Bakı, Abşeron və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Bu səbəbdən bir sıra şəxs imtahanda iştirak edə bilməyib.