Son dövrlərdə Azərbaycan avtomobil bazarında, xüsusilə Çin istehsalı avtomobillərin qiymətlərində müşahidə olunan eniş bazarda yeni rəqabət mühiti formalaşdırıb.
Maraqlıdır, bu proses müvəqqəti mövsümi amillərlə bağlıdır, yoxsa Çin avtomobillərinin kütləvi idxalı və bazarda yaranan təklif artığı uzunmüddətli perspektivdə avtomobil bazarının strukturunu dəyişərək ənənəvi markaların mövqeyini zəiflədə bilər?
Mövzu ilə bağlı Moderator.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlama verib.
Ekspert bildirib ki, bu, müvəqqəti bir prosesdir. Məsələ ondan ibarətdir ki, 2024–2025-ci illər ərzində Azərbaycana xeyli sayda Çin istehsalı hibrid avtomobillər gətirilib:
"Hazırda həmin avtomobillərin müəyyən hissəsi bazarda qalmaqda davam edir və məhz bu səbəbdən bəzi sahibkarlar onları daha aşağı qiymətlərlə təklif edirlər. Lakin 2026-cı il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan avtomobillərin qiymətlərində azalma müşahidə olunmur, əksinə, artım tendensiyası qeydə alınır. Bu avtomobillər təxminən 18 faiz civarında əlavə dəyər vergisi tətbiq olunmaqla satışa çıxarılır.
Əvvəllər Çin avtomobillərinin postsovet ölkələrinə geniş şəkildə daxil olmasından öncə region bazarlarında əsas üstünlük Rusiya istehsalı minik avtomobillərinə verilirdi. Bunun əsas səbəbi həmin avtomobillərin daha ucuz olması, istismar xərclərinin nisbətən aşağı səviyyədə qalması və təmir prosesinin daha sadə, daha sürətli şəkildə həyata keçirilməsi idi.
Lakin Rusiya minik avtomobili sənayesində geriləmə baş verdikdən sonra yaranan boşluğu Çin istehsalı avtomobillər tədricən doldurmağa başladı. Hazırkı proses də məhz bu istiqamətdə davam edir. Bununla belə, bu tendensiya Çin avtomobillərinin Azərbaycan bazarında digər markaları tamamilə sıxışdıracağı anlamına gəlmir. Əksinə, alıcılar arasında ənənəvi avtomobil markalarına olan maraq və üstünlük hələ də qorunub saxlanılır".
Pərvin Şakirqızı