Kiyev ilk danışıqlar blokunun açılması ilə Aİ-yə üzvlük yolunda yeni və daha mürəkkəb mərhələyə qədəm qoyub...




 
Ukrayna iki illik fasilədən sonra yenidən Lüksemburqa qayıdaraq Avropa İttifaqına üzvlüklə bağlı ilk əsas danışıqlar blokunun açılmasına nail olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri yazıb.
 
Avropa İttifaqı yolunda yeni mərhələ
 
İyunun 15-də Ukrayna-Avropa İttifaqı (Aİ) Hökumətlərarası Konfransı çərçivəsində "Əsaslar" adlı ilk danışıqlar klasteri açılıb. Bu blok hüququn aliliyi, insan hüquqları, demokratik institutların fəaliyyəti, dövlət idarəçiliyinin islahatı və iqtisadi meyarları əhatə edir. Aİ metodologiyasına görə, məhz bu klaster ilk açılır və son bağlanır, onun icrası isə bütün danışıqların sürətini müəyyənləşdirir. 
 
Ukraynanın Avropa və Avroatlantik inteqrasiyası üzrə baş nazir müavini Taras Kaçka bildirib ki, ölkə danışıqlara sıfırdan başlamır. Onun sözlərinə görə, Ukrayna artıq qanunvericiliyin Aİ normalarına uyğunluğunun yoxlanılması mərhələsini keçib və indi üzvlük prosesinin praktik mərhələsinə daxil olur.
 
Ən çətin islahatlar hələ qarşıdadır

Bununla belə, ilk klasterin açılması ən mürəkkəb mərhələnin başa çatması demək deyil. Brüsseldə hesab edirlər ki, əsas sınaq dövlət institutlarının dayanıqlılığı və korrupsiyaya qarşı mübarizənin effektivliyi olacaq.
 
Son illərdə Ukraynada bir sıra səs-küylü korrupsiya qalmaqalları baş verib. Aİ rəsmiləri bunu post-sovet sistemindən çıxış prosesinin təbii çətinlikləri kimi qiymətləndirsələr də, antikorrupsiya qurumlarının müstəqil fəaliyyəti üzvlük yolunda əsas şərtlərdən biri olaraq qalır.
 
Taras Kaçka isə bildirib ki, vacib olan qalmaqalların özü deyil, həmin halların araşdırılması və antikorrupsiya sisteminin işləməsidir. Onun sözlərinə görə, Ukraynada siyasi mədəniyyət sürətlə dəyişir və bu dəyişikliklər gələcək üçün vacib investisiyadır.
 
"Ukrayna buna layiqdir"

Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos vurğulayıb ki, ilk klasterin açılması simvolik jest deyil, Ukraynanın gördüyü işlərin nəticəsidir. Onun sözlərinə görə, Ukrayna müharibə şəraitində Aİ-yə inteqrasiya yolunda misli görünməmiş irəliləyiş əldə edib.
 
Komissar əlavə edib ki, aparılan islahatlar Ukraynanın hələ tam üzv olmadan belə Aİ-nin vahid bazarına və digər Avropa strukturlarına daha sıx inteqrasiyasına imkan yarada bilər. Növbəti mərhələdə digər beş danışıqlar klasterinin açılması nəzərdə tutulur. 

Kiyev 2027-ci ilin sonunadək tələb olunan qanunvericilik dəyişikliklərini həyata keçirməyi planlaşdırır. Bununla belə, Brüsseldə Ukraynanın Aİ-yə qəbulunun konkret tarixini açıqlamırlar və bildirirlər ki, yekun qərar bütün üzv dövlətlərin yekdil razılığından asılı olacaq.