London şəhərində yaşayan azərbaycanlı Samirə Riçardson bu il Böyük Britaniyada keçirilən yerli seçkilərdə bələdiyyə üzvlüyünə namizəd kimi iştirak edib. Vestminsterin ən tanınmış və rəqabətli bölgələrindən biri olan “St James’s” dairəsində mübarizə aparan soydaşımız 15 namizəd arasında ilk dördlükdə qərarlaşıb.


Samirə Riçardson AZƏRTAC-a müsahibəsində seçki kampaniyası təcrübəsindən, Böyük Britaniyada yaşayan azərbaycanlıların ictimai-siyasi həyatda iştirakından, gələcək planlarından və Azərbaycan kimliyinin onun həyatındakı rolundan danışıb.






- Bu il Böyük Britaniyada keçirilən yerli seçkilərdə namizəd kimi iştirak etdiniz. İlk olaraq, seçkilərin nəticələri barədə danışardınız. Kampaniya sizin üçün necə keçdi?


- Bu il yerli seçkilərdə Leyboristlər Partiyasının namizədi kimi iştirak etdim. Bu, mənim seçkilərdə ilk namizədlik təcrübəm idi. Seçkilər mayın 7-də baş tutdu və mən Vestminsterin “St James’s” dairəsində 15 namizəd arasında rəqabət apardım. İlk iştirakım olmasına baxmayaraq, nəticələr mənim üçün çox müsbət oldu və 15 namizəd arasında ilk dördlükdə yer aldım. Belə yüksək rəqabətli və tanınmış bir dairədə ilk dəfə namizəd kimi bu nəticəni əldə etmək mənim üçün həm motivasiyaedici, həm də uğurlu bir başlanğıc oldu.


- Seçkilərdə iştirak etmək qərarına necə gəldiniz? Sizi bu addımı atmağa nə motivasiya etdi?



- Vestminster ərazisində artıq 14 ildir yaşayıram və bu müddət ərzində icmanın necə dəyişdiyini və insanların hansı mövzularda inkişaf və daha yaxşı xidmətlər istədiyini yaxından müşahidə etmişəm. Məni seçkilərə qatılmağa motivasiya edən əsas amil də məhz bu oldu - yaşadığım mühitə biganə qalmamaq və cəmiyyətin ehtiyaclarını birbaşa ifadə edə bilmək.


- İlk seçki kampaniyanızdan hansı əsas dərsləri çıxardınız? Gələcəkdə yenidən seçkilərdə iştirak etməyi düşünürsünüzmü?


- İlk seçki kampaniyam mənim üçün çox dəyərli bir təcrübə oldu və bir neçə vacib dərs çıxardım. Ən vacib dərs isə seçicilərlə birbaşa ünsiyyətin, onların gündəlik qayğı və problemlərini dinləməyin uğurlu kampaniyanın əsasını təşkil etdiyini daha dərindən anladım. İnsanlar təkcə mesajı deyil, səmimiyyəti və real əlaqəni də hiss etmək istəyirlər. Bu kampaniya mənə təşkilatlanmanın və komanda işinin nə qədər vacib olduğunu göstərdi. Gələcəkdə əgər şərait və imkanlar uyğun olarsa, yenidən seçkilərdə iştirak etməyi mütləq düşünürəm.


- Seçki kampaniyası dövründə seçicilər üçün ən vacib hesab etdiyiniz məsələlər hansılar idi?


- Antisosial davranışların və evsizliyin azaldılması, daha yüksək mənzil standartlarının təşviqi və təmir işlərinə görə daha çox hesabatlılığın təmin edilməsi, hər kəs üçün daha təhlükəsiz və təmiz ictimai məkanların yaradılması, rəqəmsal inklüzivliyin təşviqi və həssas qrupların xidmətlərə rahat çıxışının təmin edilməsi kimi məsələlər seçki kampaniyası dövründə seçicilər üçün ən vacib hesab etdiyim məsələlərdən idi.



- Böyük Britaniyada yaşayan azərbaycanlıların ictimai və siyasi həyatda iştirak səviyyəsini necə qiymətləndirirsiniz?


- Düşünürəm ki, bu artan, lakin hələ də inkişaf mərhələsində olan bir prosesdir. Son illərdə ictimai fəaliyyətə maraq yüksəlib, amma siyasi iştirak hələ də daha da gücləndirilə bilər. İnanıram ki, gələcəkdə icmanın bu sahədə rolu daha da artacaq.


- Sizcə, Böyük Britaniyada yaşayan azərbaycanlılar yerli idarəetmədə və siyasətdə daha fəal təmsil olunmaq üçün hansı addımları atmalıdırlar?


- Fikrimcə, bunun üçün ilk növbədə ictimai proseslərə daha çox qoşulmalı, yerli icma tədbirlərində və şuralarda aktiv iştirak etməlidirlər. Eyni zamanda, siyasi sistem haqqında məlumatlılığı artırmaq, səsvermədə iştirak etmək və yerli problemlərlə bağlı öz fikirlərini daha açıq şəkildə ifadə etmək çox vacibdir. Bundan əlavə, gənclərin və qadınların təşviq olunması, müxtəlif platformalarda uğur qazanılması və şəbəkələşmə imkanlarının genişləndirilməsi də daha güclü təmsilçilik üçün əsas addımlardandır.


- Hazırda üzərində çalışdığınız layihələr barədə məlumat verərdiniz?


- Mən 2018-ci ildən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Öz biznesimi qurmaq qərarı uzunmüddətli təcrübəmin, strateji liderlik bacarıqlarımın və sahibkarlıq düşüncə tərzimin nəticəsi olaraq formalaşıb. Xüsusilə qeyd etmək istərdim ki, 2025-ci ilin əvvəlindən bu günə qədər olan dövr mənim karyeramda əsl dönüş nöqtəsi olub. Bu müddət ərzində, eyni zamanda, müxtəlif sahələri əhatə edən və böyük məsuliyyət tələb edən vəzifələrdə çalışma imkanı əldə etmişəm və bundan böyük məmnunluq duyuram.


Hazırda iqlim texnologiyaları sahəsində biznesimi qururam. Bu sahəni seçməyimin əsas səbəbi ətraf mühitə olan həssaslığım və dünyada baş verən qlobal iqlim böhranının həllinə müsbət töhfə vermək istəyimdir. Mənim missiyam karbon emissiyalarının azaldılmasına və daha dayanıqlı gələcəyin formalaşmasına dəstək olmaqdır. Eyni zamanda, bir xeyriyyə təşkilatında qeyri-icraçı direktor kimi fəaliyyət göstərir və təşkilatın strateji inkişafına dəstək verirəm. Mənim üçün xüsusilə vacib olan məqamlardan biri həssas qrupların həyatında müsbət dəyişikliklər yaratmaq, onların imkanlarını genişləndirmək və daha yaxşı gələcək qurmasına töhfə verməkdir.



- Uzun illərdir Böyük Britaniyada yaşayırsınız. Azərbaycan kimliyi və mədəniyyəti həyatınızda hansı rolu oynayır? Azərbaycanla əlaqələrinizi necə qoruyub saxlayırsınız?


- Uzun illərdir Böyük Britaniyada yaşasam da, Azərbaycan kimliyi və mədəniyyəti həyatımın çox vacib bir hissəsidir. O, mənim dəyərlərimin, mədəni irsimin və dünyaya baxışımın əsasını təşkil edir. Eyni zamanda, Böyük Britaniyada yaşamaq mənə fərqli mədəniyyətləri daha yaxından tanımaq və çox mədəniyyətli bir cəmiyyətdə yaşamaq imkanı verib. Bu mühit mənə yeni təcrübələr qazandıraraq şəxsi və peşəkar inkişafıma əlavə dəyər qatıb. Azərbaycanla əlaqələrimi həm ailəm, dostlarım, həm də icma fəaliyyətlər vasitəsilə saxlayıram. Həmçinin mədəni tədbirlərdə iştirak etmək, Azərbaycan dili və ənənələrini gündəlik həyatda qorumaq mənim üçün çox önəmlidir.


- Gələcək planlarınız nələrdir? Siz müxtəlif sahələrdə çalışan azərbaycanlı qadınlar üçün hansı mesajı vermək istərdiniz?



- Gələcək planlarım iqlim dəyişikliyi ilə mübarizə texnologiyaları sahəsində fəaliyyətimi genişləndirmək, bu sahədə olan biznesimi inkişaf etdirmək, iqlim dəyişikliyi və iqlim böhranı ilə mübarizəyə real və ölçüləbilən töhfə verməkdir. Eyni zamanda, həssas qruplara dəstək göstərmək və onların sosial-iqtisadi baxımdan daha güclü və dayanıqlı şəkildə inkişafına şərait yaratmaq fəaliyyətimin əsas istiqamətlərindən biri olaraq qalacaq. Bununla yanaşı, irqindən, mənşəyindən və milliyyətindən asılı olmayaraq, qadınlara mentorluq etməyə davam edərək, onların liderlik bacarıqlarını inkişaf etdirməyə və daha aktiv fəaliyyət göstərmələrini təşviq etməyi planlaşdırıram.


Müxtəlif sahələrdə fəaliyyət göstərən azərbaycanlı qadınlara mesajım odur ki, öz dəyərlərinə və potensiallarına inansınlar, ideyalarını cəsarətlə ifadə etsinlər və qarşılarına çıxan heç bir maneədən asılı olmayaraq irəliləsinlər.