Rəqəmsal transformasiya media mühitinin sərhədlərini dəyişdikcə, informasiya axınının idarə olunması və təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilir. Müasir dövrdə media yalnız ictimai fikrin formalaşmasına təsir göstərən institut deyil, həm də milli təhlükəsizlik sisteminin mühüm komponenti kimi çıxış edir.
Maraqlıdır, Azərbaycanda media sahəsində vahid qurum – Media və Yayım Şurasının yaradılması ilə bağlı qanun layihəsində nəzərdə tutulan dəyişikliklər informasiya təhlükəsizliyi baxımından hansı zərurətdən irəli gəlir və bu yeni mexanizm media sistemində hansı müasir yanaşmaları tətbiq etməyi hədəfləyir?
Mövzu ilə bağlı Moderator.az-a Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli açıqlama verib.
Media eksperti bildirib ki, müasir dövrdə dövlətlərin informasiya təhlükəsizliyi ən az hərbi və iqtisadi təhlükəsizlik qədər strateji əhəmiyyət daşıyır:
"Etibarlı və dayanıqlı media mühitinin formalaşdırılması da bu təhlükəsizlik sisteminin ayrılmaz hissəsi hesab edilir. Məhz bu reallıq nəzərə alınaraq Prezident İlham Əliyev Vətən müharibəsində qazanılan tarixi Zəfərdən dərhal sonra – 12 yanvar 2021-ci ildə “Azərbaycan Respublikasında media islahatlarının daha da dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Həmin sənəd ölkədə media sektorunun yeni mərhələyə keçidini təmin etdi, Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” yeni Qanunun qəbulu və digər institusional dəyişikliklər üçün hüquqi zəmin formalaşdırdı. Hazırda Milli Məclisdə müzakirə olunan, Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın bazasında Media və Yayım Şurasının yaradılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsü də məhz son illər həyata keçirilən media islahatlarının davamı kimi dəyərləndirilə bilər.
Bu yanaşma informasiya siyasətinin rəqəmsal transformasiyanın tələblərinə uyğun şəkildə yenidən qurulmasına, idarəetmədə çevikliyin artırılmasına və vahid koordinasiya mexanizminin formalaşdırılmasına xidmət edir. Milli informasiya məkanının qorunması, dezinformasiyanın qarşısının alınması, rəqəmsal platformaların monitorinqi və media subyektlərinin inkişafının təşviqi isə daha koordinasiyalı və çevik idarəetmə modelini zəruri edir".
Müşfiq Ələsgərli vurğulayıb ki, bu baxımdan Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin bazasında kollegial idarəetmə prinsipləri əsasında Media və Yayım Şurasının yaradılması dövlətin media sahəsində vahid institusional idarəetmə modelinin formalaşdırılmasına yönəlmiş siyasətinin məntiqi davamıdır:
"Yeni qurumun səlahiyyətlərinə nəzər saldıqda görünür ki, əsas məqsədlər media subyektlərinin iqtisadi dayanıqlığının artırılması, peşəkar potensialın gücləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, milli media məhsullarının inkişafının təşviqi və dezinformasiyaya qarşı sistemli mexanizmlərin yaradılmasıdır. Xüsusilə rəqəmsal məzmunun təhlili, ictimai rəyin öyrənilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və saxta məlumatların yayılması risklərinin minimuma endirilməsi istiqamətində nəzərdə tutulan mexanizmlər müasir dövrün tələblərinə cavab verir. Media Reyestri ilə bağlı təklif edilən yeniliklər də media mühitinin daha sistemli və şəffaf şəkildə tənzimlənməsinə əlavə imkanlar yaradır.
Bütün bunlar onu deməyə əsas verir ki, təklif olunan qanunvericilik dəyişikliklərinin qəbul edilməsi Azərbaycanın informasiya siyasətində yeni institusional mərhələnin başlanğıcı ola bilər. Gözlənilən yeniliklər informasiya təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə, milli media məhsullarının inkişafına, media subyektlərinin iqtisadi dayanıqlığının gücləndirilməsinə və rəqəmsal çağırışlara daha operativ cavab verilməsinə şərait yaradacaq. Nəticə etibarilə, bu dəyişikliklər Azərbaycanın mövqeyi və həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha təsirli şəkildə çatdırılmasına da əlavə imkanlar açacaq".
Pərvin Şakirqızı