“Trampın Netanyahuya qarşı görə biləcəyi ən sərt tədbir İsrailə hərbi-siyasi dəstəyi dayandırmaq olar…”-Sabiq səfir
16 Jun 2026, 17:43 2 baxış 5 dəq oxuma
“İsrail rəhbərliyinə, xüsusən Netanyahuna qalsa, yəqin ki, savaşı bir gün də dayandırmazdılar. Çünki bəllidir ki, Netanyahuya qarşı həm Beynəlxalq Ədalət Məhkəməsi, həm də ölkə daxilində cinayət işləri açılıb və s. Əgər müharibə dayansa…”
“Hələ ki, ABŞ və İran tərəfinin razılığa gəlməsi böyük bir nəticədir. Yaxın Şərqdə sülhün və əmin-amanlığın bərqərar olması çox vacib məsələdir…”
“Əvvəla, məlumdur ki, İranla ABŞ arasındakı sazişin elektron variantı imzalanıb. Maddələrin təfsilatı haqqında mediada məlumatlar var. Birincisi, İranın təklifləri və istəkləri oldu ki, təxminən 24–25 milyard dollar vəsaitin əvvəlcə yarısı qaytarılsın İrana. Sonra isə danışıqlar başa çatanda, tam yekun sənəd imzalanandan sonra qalan 12–12,5 milyard dolların da qaytarılması nəzərdə tutulur. Bu, əsas məsələlərdəndir. Nüvə proqramı ətrafında hansısa giya ki, bir ortaq məxrəcə gəlinib. Amma burada İran əvvəldən çox qəribə bir şərt də qoydu: Livana İsrailin hücumu olmamalıdır. Bu şərt qoyuldu, ondan sonra İsrail buna əməl etmədi və hücum etdi. İran da müqabilində dərhal İsrailə raketlər atdı. Burada bir çox digər məsələlər də var. Hörmüz boğazı ilə də bağlı bir anlaşma var. Yəni Amerika məsələnin həll olunmasında maraqlıdır. Niyə? Çünki artıq Amerikada siyasi dairələrdə və ictimaiyyətdə bu məsələnin uzanmasından ciddi narazılıq var. Xüsusən ABŞ-ın İsrailə bu qədər dəstək verməsinə etiraz bildirilir və bu, getdikcə Trampın reytinqinə mənfi təsir göstərir. İllah da ki, qarşıdan – noyabr ayında aralıq seçkilər gəldiyi bir vaxtda... Bu səbəblərdən də Ağ Evdə çox ciddi maraq var ki, məsələ həll olunsun və Tramp bu böyük problemi həll etmiş kimi göstərilsin. Yəni yekunu Trampın müsbət siyasəti kimi təqdim etmək istəyirlər. Amma o da var ki, Amerikanın dəstəyi olmasa, İsrail heç vaxt İrana, eləcə də digər Yaxın Şərq ölkələrinə qarşı bu qədər sərbəst hərəkət edə bilməzdi.”
Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov bu fikirləri Moderator.az-a açıqlamasında ABŞ-la İran arasında bağlanmış son saziş barədə danışarkən ifadə edib.
“Hazırda tərəflər arasında sakitlik olmalıdır, yəni hücumlar olmamalıdır. Lakin baxaq görək, İsrail həqiqətən buna əməl edəcəkmi? ABŞ da İsraili atəşkəsə əməl etməyə, Livana hücum etməməyə çağırır. Həm də ona görə ki, müharibə nəticəsində Pentaqona da ciddi zərər dəyib. Məlum olur ki, savaş müddətində İran Yaxın Şərqdə Amerikanın 18 hərbi bazasını dağıdıb və təxminən 100 milyarda qədər ziyan dəyib. Ona görə deyəsən, hamının istəyi var ki, Amerika və İran arasında sülh yaransın. Amma İsrail rəhbərliyinə, xüsusən Netanyahuna qalsa, yəqin ki, savaşı bir gün də dayandırmazdılar. Çünki bəllidir ki, Netanyahuya qarşı həm Beynəlxalq Ədalət Məhkəməsi, həm də ölkə daxilində cinayət işləri açılıb və s. Əgər müharibə dayansa və başı qatacaq bir şey olmasa, o zaman ona qarşı ya xaricdə, ya da İsraidə hansısa tədbir görülə bilər. Məhz bu səbəbdən Netanyahu deyir ki, mən qoşunlarımı istər Livandan, istər Qəzzadan, istərsə də Suriyadan çıxaran deyiləm. Amma o da var ki, Amerikanın dəstəyi olmasa, İsrail heç bir ölkəyə, xüsusən də İrana qarşı heç bir ciddi əməliyyat apara bilməz”, - deyə davamında diplomat bildirib.
“Bəs əgər Netanyahu Livana hücumları dayandırmasa, o halda Tramp ona qarşı hansısa ciddi tədbirə əl ata bilər, sizcə?” sualını isə keçmiş səfir belə cavablandırıb:
“Məlumdur ki, Tramp son təxminən 20 gün müddətində İsrailə iki dəfə sərt şəkildə xəbərdarlıq edib.
Hətta Netanyahunun özünə qarşı sərt, hətta təhqiramiz ifadələr işlədib. İndi isə, öncə dediyim kimi, Amerikanın İsrailə bu qədər dəstək verməsinə qarşı ciddi və geniş miqyasda narazılıq var. Odur ki, zənnimcə, ABŞ-ın bir müttəfiqi olaraq İsrailə qarşı görə biləcəyi ən sərt tədbir elə ona hərbi-siyasi dəstəyi dayandırmaq olar. Bu özü Tramp tərəfindən böyük bir addım kimi dəyərləndirə bilər…
Hələ ki, ABŞ və İran tərəfinin razılığa gəlməsi böyük bir nəticədir. Yaxın Şərqdə sülhün və əmin-amanlığın bərqərar olması çox vacib məsələdir. Regionun bu günü və gələcəyi üçün, bütün dövlətlər və xalqlar üçün sülh və əmin-amanlıq son dərəcə vacib və mühümdür…”