Ermənistan Baş Prokurorluğu ölkənin sabiq prezidenti, müxalif "Ermənistan" blokunun lideri Robert Koçaryana qarşı cinayət təqibinə başlanılması üçün razılıq verilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına (MSK) vəsatət təqdim edib.
Moderator.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə MSK-nın yaydığı bəyanatda bildirilib.
Qeyd olunur ki, analoji vəsatətlər "Ermənistan" blokundan deputatlığa namizədlər Asatur Koçaryan və Ruslan Barseqyana qarşı da təqdim edilib.
İyunun 14-də Robert Koçaryanın ofisi onun Ermənistan hüdudlarından kənara üçgünlük səfər planlaşdırdığını açıqlamışdı. Lakin bir müddət sonra məlum olub ki, sabiq prezidentin "Zvartnots" hava limanından ölkəni tərk etməsinə icazə verilməyib.
Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, "Ermənistan" bloku parlamentdə təmsil olunan üçüncü siyasi qüvvə olub.