"Qəzza müharibəsi, siyasi qütbləşmə və dəyişən ictimai rəy Vaşinqton-Təl-Əviv ittifaqının təməllərini sarsıdır..."


Uzun illər Yaxın Şərq siyasətinin əsas dayaqlarından biri sayılan ABŞ-İsrail ittifaqı tədricən zəifləmə mərhələsinə daxil olub.






Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Foreign Policy" nəşri yazıb.


Məqalə müəllifinin fikrincə, İranla qarşıdurma bu ittifaqın gücünün zirvəsini göstərsə də, eyni zamanda onun geriləmə dövrünün başlanğıcını da nümayiş etdirib. Nəşr ABŞ və İsrail arasında hərbi əməkdaşlığın tarixdə görünməmiş səviyyəyə çatdığını vurğulayır. Lakin müəllifin fikrincə, zahiri yaxınlıq dərin siyasi və ictimai dəyişiklikləri gizlədə bilmir.


ABŞ-da İsrailə münasibət dəyişir


Məqalədə qeyd olunur ki, son illərdə ABŞ cəmiyyətində İsrailə münasibət əhəmiyyətli dərəcədə dəyişib. Sorğular göstərir ki, amerikalıların yarıdan az hissəsi İsrailə dəstəyin ABŞ-ın milli maraqlarına uyğun olduğunu düşünür. Eyni zamanda ilk dəfə olaraq bəzi araşdırmalarda amerikalıların fələstinlilərə rəğbətinin israillilərə münasibətdən daha yüksək olduğu bildirilir.


Nəşrin fikrincə, ABŞ cəmiyyətinin dini və etnik baxımdan daha müxtəlif olması, İsrailin isə daha mühafizəkar və millətçi xəttə yönəlməsi iki ölkə arasında əvvəllər vurğulanan "ortaq dəyərlər" anlayışını zəiflədib. Müəllif hesab edir ki, bu proses hələ 2023-cü ilin 7 oktyabr hadisələrindən əvvəl başlayıb. Lakin Qəzzadakı müharibə, humanitar böhran və işğal olunmuş İordan çayının qərb sahilində zorakılığın artması ABŞ-da antiisrail mövqelərinin güclənməsini sürətləndirib.


Konsensusun dağılması


Məqalədə vurğulanır ki, uzun illər Vaşinqtonda həm demokratlar, həm də respublikaçılar arasında İsrailə dəstək məsələsində geniş konsensus mövcud olub. Bu siyasətin formalaşmasında Amerika-İsrail İctimai Əlaqələr Komitəsi və digər nüfuzlu təşkilatlar mühüm rol oynayıb. Lakin müəllifin fikrincə, dönüş nöqtəsi 2015-ci ildə, Barak Obama administrasiyasının İranla nüvə sazişi bağlamağa çalışdığı dövrdə baş verib. 


Həmin vaxt Benyamin Netanyahu açıq şəkildə Obamanın siyasətinə qarşı çıxaraq Vaşinqtondakı iki partiyalı konsensusu zəiflədib. Sonrakı illərdə Donald Tramp administrasiyasının İsrailə misli görünməmiş dəstəyi də ABŞ daxilində qütbləşməni daha da artırıb. Məqalədə qeyd olunur ki, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və digər addımları demokrat seçicilər arasında İsrailə münasibətin dəyişməsinə təsir göstərib.


Yeni nəsil və yeni baxışlar


"Foreign Policy" yazır ki, ABŞ-da formalaşan yeni nəsil əvvəlki nəsillərdən fərqli olaraq İsrailə daha tənqidi yanaşır. Xüsusilə gənc demokratlar arasında Fələstin məsələsinə dəstək artıb. Müəllif qeyd edir ki, artıq təkcə solçu dairələr deyil, Donald Trampın MAGA hərəkatının bəzi nümayəndələri də İsrailə verilən dəstəyin yenidən nəzərdən keçirilməsini tələb edirlər.


Onların fikrincə, Vaşinqton xarici müttəfiqlərə ayırdığı vəsaitləri azaltmalı və daha çox daxili problemlərə diqqət yetirməlidir. Bu səbəbdən nəşr hesab edir ki, əvvəllər mövcud olmuş iki partiyalı israilyönlü konsensus zəifləyir, onun yerində isə həm Demokratlar, həm də Respublikaçılar arasında İsrailə daha tənqidi yanaşan yeni siyasi mövqe formalaşır.


Netanyahu üçün çətin perspektiv


Məqalənin sonunda vurğulanır ki, Benyamin Netanyahu artıq ABŞ-ın hərbi yardımının gələcəkdə azalması ehtimalını nəzərə almağa başlayıb. Buna görə də İsrail rəhbərliyi uzunmüddətli perspektivdə Amerika yardımından asılılığı azaltmaq planları üzərində işləyir.


Bununla belə, nəşr hesab edir ki, Netanyahu ABŞ-İsrail münasibətlərinin gələcəyinə həddindən artıq nikbin yanaşır. Məqalə müəllifinin qənaətincə, məhz onun siyasəti Vaşinqton və Təl-Əviv arasında onilliklər boyu mövcud olmuş xüsusi münasibətlərin zəifləməsində mühüm rol oynayıb və bu proses gələcəkdə İsrail üçün ciddi nəticələr doğura bilər.