"Ermənistanla sülh sazişinin taleyi referendumdan daha çox bu məsələdən asılı olacaq...”- Konfliktoloq
17 Jun 2026, 10:53 9 baxış 4 dəq oxuma
“Referendumu hüquqi baxımdan bunu təşkil etmək mümkündür. Əsas sual Paşinyanın bunu edib-edə bilməsi deyil, bunun siyasi qarşılığını ödəməyə hazır olub-olmamasıdır...”
“Unutmayaq ki, Azərbaycan sovet imperiyasından onun tərkibinə daxil olduğu ərazilərlə çıxmadı...”
“Ermənistandakı son seçkilər göstərdi ki, Paşinyan hələ də ölkədə ən güclü siyasi fiqur olsa da, onun hakimiyyəti əvvəlki illərlə müqayisədə daha kövrəkdir. Ermənistan cəmiyyətində ciddi parçalanma mövcuddur və Qarabağ məsələsi bu parçalanmanı daha da dərinləşdirib. Buna baxmayaraq, hazırda Paşinyanın alternativi kimi ölkəni idarə edə biləcək güclü siyasi qüvvə yoxdur. Bunu son seçkilərin nəticələri də təsdiqlədi. Lakin daha bir gerçəklik öz təsdiqini tapdı: Paşinyan əvvəlki gücündə deyil. Bunun əsas səbəbləri ona qarşı illərdir aparılan təbliğat və özünün verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirə bilməməsi oldu. Yenə də qeyd edək ki, onun hökumətinin apardığı xarici və daxili siyasət onu hakimiyyətdə saxlamağa yetdi.”
Amerika fəaliyyət göstərən konfliktoloq Əli Əskərli bu fikir və mülahizələri Moderator.az-a açıqlamasında Ermənistandakı son parlament seçkilərinin nəticələrini təhlil edərkən ifadə edib.
“Necə hesab edirsiz, bundan sonra Paşinyan Azərbaycan rəhbərliyinin tələb etdiyi Konstitusiya dəyişikliyi bağlı referendumu keçirməklə müsbət nəticə əldə edib iki ölkə arasında yekun sülh sazişinin imzalanmasına nail ola biləcəkmi?” sualını isə siyasi təhlilçi belə cavablandırıb:
“Referendum məsələsinə gəldikdə, hüquqi baxımdan bunu təşkil etmək mümkündür. Əsas sual Paşinyanın bunu edib-edə bilməsi deyil, bunun siyasi qarşılığını ödəməyə hazır olub-olmamasıdır. Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan davamlı sülhün əldə olunması çətin görünür və hətta mümkün deyil desək, daha doğru olar. Lakin belə bir referendum Paşinyan üçün də ciddi daxili müqavimət və siyasi risk yarada bilər. Ona görə də seçkilərin nəticəsi ona müəyyən qədər özünü sığortalamaq imkanı da verir. Qısacası, Paşinyan belə bir referendum keçirmək istəsə, bunun üçün bir düstur tapa bilər. Keçirmək istəməsə, bunun üçün bəhanəsi də hazırdır...
Paşinyan növbəti seçkilərə qədər hakimiyyətdə qalarsa və Qərbin siyasi dəstəyini qoruyub saxlaya bilsə, referendum keçirmək imkanları artar. Ancaq bunun yaxın zamanlarda baş verəcəyini gözləmək üçün indi bir əsas yoxdur. Ermənistan rəhbərliyi hələ də sülh sazişinin siyasi faydaları ilə daxildə yaranacaq narazılıqlar arasında balans axtarır. Ona görə də Azərbaycanla Ermənistan münasibətlərini yekun sülh sazişi olmadan normallaşdırmağa bir müddət daha davam edə bilərlər. Bəzən praktik qazanımlar ictimai fikrə ciddi təsir göstərir və Paşinyan hökuməti bunu görmək istəyə bilər. Bu məsələdə Azərbaycan tərəfindən gələcək təzyiqlərin də rolu olacaq...”
“Unutmayaq ki, Azərbaycan sovet imperiyasından onun tərkibinə daxil olduğu ərazilərlə çıxmadı. Beynəlxalq hüququn prinsiplərinə görə, Azərbaycan imperiyaya hansı ərazilərlə girmişdisə, həmin ərazilərə iddia edə bilər. Ona görə də sülh müqaviləsi bu gün Ermənistana daha çox lazımdır. Sadəcə, bunu başa düşüb qəbul etmələri asan deyil, çünki özlərini qurban hesab edir və başqalarına da belə hiss etdirməyə çalışırlar.
Ümumilikdə, sülh sazişinin taleyi referendumdan daha çox Ermənistan siyasi elitasının reallığı qəbul etməyə nə dərəcədə hazır olmasından asılı olacaq. Referendum sadəcə hüquqi mexanizmdir; əsas məsələ siyasi iradənin olub-olmamasıdır”, - deyə Əli Əskərli vurğulayıb.