Ukrayna uzaqmənzilli pilotsuz aparatların köməyi ilə Rusiya ordusunun təchizat marşrutlarını hədəfə alır, ekspertlər isə müharibənin yeni mərhələyə keçdiyini bildirir...




 
Ukraynanın pilotsuz uçuş aparatlarından istifadə strategiyası müharibənin gedişinə ciddi təsir göstərməyə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Dron müharibəsi cəbhədən uzaqda Rusiyanın zəif nöqtələrini hədəfə alır
 
Nəşrin yazdığına görə, Kiyev son aylarda orta və uzaq mənzilli dronlardan istifadəsini genişləndirərək Rusiya ordusunun logistika və təchizat sistemlərinə ardıcıl zərbələr endirir. Cəbhə xəttinin milyonlarla dronla doydurulmasından sonra Ukrayna daha dərin əməliyyatlara keçib. Əvvəl neft-qaz obyektlərini hədəfə alan hücumlar indi əsas nəqliyyat və təchizat marşrutlarına yönəlib.
 
Kiyev diqqətini cəbhədən 150 kilometrdən çox uzaqda yerləşən avtomobil və dəmir yollarına yönəldib. Ukrayna tərəfi bu strategiyanı "logistika blokadası" adlandırır. Təqaüddə olan avstraliyalı general Mik Rayan bildirib ki, Rusiyaya ən böyük zərəri məhz bu mərhələ vurur. Onun sözlərinə görə, koordinasiyalı zərbələr Rusiyanın hücum tempini artırmaq imkanlarını məhdudlaşdırır.
 
Dron istehsalında sürətli artım
 
Ukrayna rəsmilərinin məlumatına görə, ölkə hər ay orta və uzaq məsafələrə 5 mindən çox zərbə endirmək imkanına malikdir. Rəqəmsal transformasiya naziri Mixail Fyodorov bildirib ki, may ayında cəbhədən 50 kilometrdən uzaqdakı hədəflərə zərbələrin sayı aprellə müqayisədə iki dəfə artıb.
 
"DeepState" analitik qrupu qeyd edir ki, may ayı 2023-cü ildən bəri Rusiyanın xalis ərazi itkisi ilə üzləşdiyi ilk ay olub. Baş komandan Aleksandr Sırskinin sözlərinə görə, Ukrayna qüvvələri mayda itirdiyindən təxminən 60 kvadrat kilometr çox ərazini geri qaytarıb.
 
"İmkan pəncərəsi" açılır
 
ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu (ISW) hesab edir ki, logistika obyektlərinə zərbələr müharibəni yeni mərhələyə keçirir və Ukrayna üçün "unikal və zamanla məhdud imkan" yaradır. Ekspertlər hesab edir ki, Kiyevin bu üstünlükdən yararlanmaq üçün vaxtı məhduddur.
 
Kral Birləşmiş Xidmətlər İnstitutunun eksperti Cek Uotlinqin fikrincə, müharibə dönüş nöqtəsinə çatıb və bu, Rusiyaya atəşkəs istiqamətində təzyiq göstərmək imkanı yarada bilər. Ukraynalı hərbçilər isə məqsədin Rusiyanın müharibəni öz ərazisindən uzaqda hiss etməsi olduğunu bildirirlər.
 
Yeni texnologiyalar və yeni taktika
 
Ukrayna qüvvələri təkmilləşdirilmiş mühərriklərə, güclü akkumulyatorlara, "Starlink" rabitəsinə və süni intellekt elementlərinə malik yeni nəsil dronlardan istifadə edir. Əsas hədəflər zirehsiz yük maşınları və dəmir yolu qatarlarıdır. Bu isə yanacaq çatışmazlığı yaradır, qoşunların rotasiyasını çətinləşdirir və cəbhədə fəallığı azaldır.
 
Ukrayna hərbi istehsalını da sürətlə artırır. Son sifarişlər artıq 25 min orta və uzaqmənzilli dronu əhatə edir. Avropa ölkələri Ukraynada dron istehsalına 1,63 milyard dollar ayırıb, hökumət isə "logistika blokadası" proqramına əlavə 113 milyon dollardan çox vəsait yönəldib. Kampaniyanın ən nəzərəçarpan nəticələri Ukraynanın cənubunda müşahidə olunur.
 
Ukrayna tərəfi Krıma gedən təchizat marşrutlarının bir hissəsinə, o cümlədən Rusiyanın qondarma quru dəhlizinə nəzarəti gücləndirdiyini bildirir. Alternativ marşrut kimi əsasən yalnız Kerç körpüsü qalır. Ekspertlərin fikrincə, müharibə pilotsuz aparatların əsas rol oynadığı yeni mərhələyə daxil olub. ISW hesab edir ki, bu vəziyyət Ukrayna üçün cəbhədə vəziyyəti dəyişmək baxımından mühüm fürsət yarada bilər.