Politoloq Trampın “G7” sammitində Avropa liderləri ilə Ukrayna və Hörmüzlə bağlı sövdələşməsindən danışdı...
17 Jun 2026, 14:38 4 baxış 3 dəq oxuma
Elxan Şahinoğlu: “ABŞ siyasəti, xüsusilə Donald Trampın Ukrayna məsələsinə yanaşması da ziddiyyətli təsir bağışlayır. Tramp nə vaxt bu mövzuya daha çox maraq göstərirsə, proseslərin nəticəsi çox vaxt Ukraynanın maraqları baxımından gözlənilən kimi olmur...”
“Avropa ölkələri daha əvvəl Hörmüz boğazında təhlükəsizlik tədbirlərində iştirak edə biləcəklərini istisna etmədiklərini desələr də, bunun üçün əsas şərt bölgədə hərbi qarşıdurmanın dayanması olmuşdu...”
Xəbər verildiyi kimi, “Politico” nəşrinin mötəbər mənbələrə istinadla yazdığına görə, “G7” sammitində ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə həmin dövlətlərin Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasında iştirakı müqabilində Ukraynaya dəstəyi artıracağı, hətta Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyi barədə razılığa gəlib.
Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bildirib ki, Avropa ölkələri daha əvvəl Hörmüz boğazında təhlükəsizlik tədbirlərində iştirak edə biləcəklərini istisna etmədiklərini desələr də, bunun üçün əsas şərt bölgədə hərbi qarşıdurmanın dayanması olmuşdu. Onun sözlərinə görə, hazırda müharibə faktiki olaraq dayanıb və əgər İran da razılıq verərsə, Avropa ölkələrinin Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasında iştirak ehtimalı yarana bilər. Lakin bu istiqamətdə hələlik İranın mövqeyi ilə bağlı dəqiq və yekdil bir mənzərə yoxdur və Tehran tərəfinin reaksiyasının necə olacağı aydın deyil.
Şahinoğlu qeyd edib ki, ABŞ siyasəti, xüsusilə Donald Trampın Ukrayna məsələsinə yanaşması da ziddiyyətli təsir bağışlayır. Onun fikrincə, Tramp nə vaxt bu mövzuya daha çox maraq göstərirsə, proseslərin nəticəsi çox vaxt Ukraynanın maraqları baxımından gözlənilən kimi olmur. Bu səbəbdən həm Avropa ölkələri, həm də Ukrayna tərəfi Trampın prosesə daha aktiv müdaxiləsində o qədər də maraqlı deyil. Eyni zamanda siyasi şərhçi vurğulayıb ki, Ukrayna ordusunun müqavimət gücü və potensialı getdikcə artır və hazırda Amerikanın vasitəçiliyinə o qədər də ehtiyacı yoxdur.
Trampın Rusiyaya qarşı sanksiyaların sərtləşdirə biləcəyi ilə bağlı isə Elxan Şahinoğlu bildirib ki, indiyədək Rusiyaya qarşı artıq çoxsaylı sanksiyalar tətbiq olunub. Bununla belə, əsas məsələ ondan ibarətdir ki, mövcud sanksiyalar Rusiyanı işğal siyasətindən imtina etməsinə gətirib çıxarmır.