G7 Ukraynaya dəstəyi artırır: yeni sanksiyalar və raket istehsalı gündəmdədir - "Deutsche Welle"
17 Jun 2026, 14:34 3 baxış 3 dəq oxuma
"Yeddilik" ölkələri Rusiyaya qarşı təzyiqi gücləndirməyə, eyni zamanda Ukraynanın hava hücumundan müdafiə imkanlarını genişləndirməyə hazır olduqlarını bəyan ediblər...
G7 liderləri Ukraynaya dəstəyin artırılması və Rusiyaya qarşı yeni təzyiq tədbirlərinin görülməsi barədə razılığa gəliblər.
Moderator.az xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri məlumat yayıb.
Rusiyanın enerji sektoruna yeni zərbə hazırlığı
Nəşr yazır ki, müzakirələrin əsas mövzuları Rusiyanın enerji sektoruna qarşı əlavə sanksiyalar, Ukraynaya daha çox hava hücumundan müdafiə sistemlərinin verilməsi və bu silahların ölkə daxilində istehsalı imkanları olub. Birgə bəyanatda G7 ölkələri Rusiyanın hərbi iqtisadiyyatına təzyiqin artırılacağını vurğulayıblar. Xüsusilə neft və qaz sektoruna qarşı sanksiyaların sərtləşdirilməsi nəzərdən keçirilir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin sözlərinə görə, Ukrayna cəbhədə mövqelərini qoruyur, Rusiyada isə tükənmə əlamətləri getdikcə daha çox hiss olunur. Almaniya kansleri Fridrix Merts də Rusiyanın ciddi təzyiq altında olduğunu bildirərək Qərbin müharibənin dayandırılması üçün səylərini davam etdirəcəyinə ümid etdiyini söyləyib. Böyük Britaniyanın baş naziri Kir Starmer isə G7 daxilində Ukrayna məsələsində vahid mövqenin formalaşdığını qeyd edib.
Ukraynada raket istehsalına yaşıl işıq?
Sammitin digər mühüm nəticəsi Ukraynanın hava hücumundan müdafiə imkanlarının genişləndirilməsi ilə bağlı olub. G7 liderləri əlavə HHM sistemləri, raketlər və uzaqmənzilli vasitələrin tədarükünü artırmağa razılaşıblar. Bununla yanaşı, ilk dəfə olaraq Ukraynaya raket və raket əleyhinə sistemlərin yerli istehsalı üçün lisenziyaların verilməsi imkanının da nəzərdən keçirildiyi açıqlanıb.
Bu məsələ uzun müddətdir Kiyevin əsas tələblərindən biri idi. Prezident Volodimir Zelenski xüsusilə "Patriot" sistemləri üçün raket istehsalına lisenziya almağa çalışırdı. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp bu təşəbbüsə müsbət yanaşıb və tərəflər artıq məsələ üzərində işləməyə başlayıblar. Ekspertlərin fikrincə, yeni sanksiyalar və Ukraynanın hərbi istehsal imkanlarının genişləndirilməsi Qərbin münaqişədə uzunmüddətli strategiyaya keçdiyini göstərən mühüm siqnallardır.