Son günlərin ən çox müzakirə edilən məsələlərindən biri ABŞ-la İran arasında mümkün sülh müqaviləsi, bunun qlobal sülh və təhlükəsizliyə təsirləridir.
Maraqlıdır, ABŞ-la Rusiya arasında sülhün təmini Ukrayna-Rusiya müharibəsinin dünya gündəmində yenidən əsas problem kimi aktuallaşmasına, ABŞ və Qərbin Ukraynaya daha çox dəstək göstərməsinə səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov Ukraynaya ABŞ və Qərbin dəstəyinin mütəmadi şəkildə davam etdiyini bildirib:
“Davam edən Rusiya-Ukrayna müharibəsi artıq yeni dövrünə daxil olub. Ukrayna Rusiyanın bütün ərazisi üzrə neft emalı, hərbi təyinatlı məhsul istehsal edən müəssisələrini dron və raket hücumuna məruz qoyur. Rusiyada yanacaq böhranı başlayır. Krımın yanacaq və müxtəlif təchizat vasitələri məhv edilir. Bu da bilavasitə Ukraynaya Avropa İttifaqı tərəfindən edilən maddi yardımın nəticəsində Ukraynanın inkişaf etdirdiyi dron və raket istehsalı ilə edilir. Görünən odur ki, Aİ Ukraynanın məğlub olmasını öz məğlubiyyəti kimi qəbul edir və bunu istəmir. ABŞ isə Tramp hakimiyyətə gələndən sonra Ukraynaya maddi və hərbi yardımı dayandırıb. Aİ öz maddi vəsaiti hesabına ABŞ-dan silah-sursat alıb Ukraynaya verir. Amma məsələ ondadır ki, Tramp Putinə qarşı simpatiya duysa da, Rusiyaya qarşı ciddi addımlar atır. Bura Rusiya kölgə neft daşıyan tankerlərin həbs edilməsindən tutmuş yeni sanksiyaların tətbiqinə kimi müxtəlif addımlar aiddir. Bir sözlə, ABŞ heç vaxt Ukraynaya öz dəstəyini dayandırmayıb. Dolayısı ilə olsa da Ukraynanı dəstəkləməyə davam edib.
ABŞ-la İran arasında imzalanması gözlənilən razılıq şərtlərinin sülh müqaviləsi imzalanmasına kimi 60 gün vaxt təyin ediləcək. Bu müddət ərzində açıq qalmış məsələlərin həlli üçün danışıqlar aparılacaq. İsrail də bu müqavilədən razı görünmür. Görünən odur ki, hələ son sülh müqaviləsinin imzalanmasından qəti danışmaq tezdir. Tramp artıq Rusiya-Ukrayna müharibəsinin həllinə yenidən qayıtmaqdan danışsa da, bu müharibənin mahiyyəti İranla olan müharibədən daha mürəkkəbdir. Çünki Rusiya İran deyildir. İranın varlığı regional proseslərin idarəçiliyi üçün vardırsa, Rusiyanın varlığı beynəlxalq proseslərin predmetidir nüvə dövləti kimi. Bu baxımdan Rusiyanın maraqlarının təmin edilməsi ilk növbədə Kreml üçün əsasdır. Amma buna Rusiyanın gücü çatmır. Geosiyasi oyunçular isə Rusiyanın məğlub olub iç və xarici faktorların təsiri ilə qaranlıq dövrə daxil olmasını istəmirlər. Çünki bunun nəticələrini gözə almaq mümkün deyildir. Rusiyadakı dağıdıcı proseslər qara dəlik kimi bütün ətraf ölkələri öz içinə çəkər.
Hesab edirəm ki, Ukraynaya edilən dəstək zatən elə formada edilir ki, qəfil proseslər baş verməsin. Rusiya tədricən zəiflədilir. Ona görə də Ukraynaya verilən dəstəyin dozası nə artırılacaq, nə də azaldılacaq. Hər şey öz norması daxilində olacaq.
Ukraynanın hərbi sənayedəki uğurları bu müharibənin taleyində dönüş yarada bilər, Qərb buna mane olmasa... Çünki Ukrayna plandan kənar uğur əldə etdikdə Qərb buna mane olurdu. Məsələn, Kurskda StarLink ötürücülərinin məlumatlarını kəsdikdən sonra Rusiya Kursku Şimali Koreyalıların köməyi ilə Ukrayna ordusundan geri almışdı”.
Seymur ƏLİYEV