Rusiya–Ukrayna müharibəsində son dövrlər müşahidə olunan proseslər qarşıdurmanın növbəti mərhələsi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Cəbhədəki vəziyyət, tərəflərin qarşılıqlı addımları və xarici güclərin mövqeyi münaqişənin gələcək inkişafına dair müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olur.
Maraqlıdır, Rusiya–Ukrayna müharibəsində cəbhədə əsasən mövqe döyüşlərinin davam etməsi, Rusiyanın Donbas istiqamətində hədəflərinə tam nail ola bilməməsi və Qərbin artan hərbi-siyasi dəstəyi nəzərə alınarsa, yaxın perspektivdə münaqişənin danışıqlar masasına çıxması nə dərəcədə real görünür?
Moderator.az-ın suallarını siyasi şərhçi Elçin Xalidbəyli cavablandırıb.
Ekspert bildirib ki, Ukrayna savaşı ətrafında yeni situasiya yaranmağa başlayıb. Müşahidələr göstərir ki, zaman keçdikcə Rusiyanın düşdüyü ağır durum daha da böhranlı xarakter daşıyır:
"Son vaxtlara qədər Kremldə ümid edirdilər ki, ABŞ Ukraynaya təzyiq göstərərək işğal olunmuş ərazilərin Rusiyaya verilməsinə razılıq verən bir sənədin imzalanmasını təmin edəcək. Lakin belə görünür ki, ABŞ bunu həyata keçirmək imkanında deyil. Xüsusilə də həm Ukrayna öz ərazilərini Rusiyaya güzəştə getmir, həm də NATO üzvü olan Avropa ölkələri Rusiyanın belə bir “savaş qəniməti” qazanmasına qarşı çıxır, müqavimət göstərir və Ukraynaya dəstəyi artırırlar. Buna görə də Rusiya hazırda olduqca ağır bir situasiya ilə üz-üzə qalıb.
Digər tərəfdən, son vaxtlar ABŞ-nin də mövqeyi dəyişməyə başlayıb. Tramp Avropa ölkələri ilə siyasi bazarlığa başlayıb. Burada əsas məsələ ondan ibarətdir ki, Prezident Tramp Avropa ölkələrinə təklif edib ki, ABŞ Ukraynaya dəstəyi davam etdirsin və Rusiyaya təzyiqlər göstərsin ki, bu savaş ən qısa zamanda ədalətli şəkildə həll olunsun. Bunun əvəzində isə ABŞ Avropa ölkələrindən Hörmüz boğazının minalardan təmizlənməsində iştirak etməyi tələb edir. Yəni belə anlaşılır ki, əgər Avropa ölkələri və Amerika Birləşmiş Ştatları arasında siyasi bazarlıq baş tutarsa, o zaman ABŞ həm Ukraynaya ciddi şəkildə dəstək verəcək, həm də Rusiyaya təzyiqləri artıracaq, enerji sanksiyalarının sayını artıracaq.
Bu da onu göstərir ki, Kremlin ABŞ-yə olan son ümidləri də boşa çıxa bilər. Bu baxımdan hesab etmək olar ki, hazırda Ukrayna savaşı ətrafında yaranmış situasiya Rusiyanın əleyhinə çevrilməyə başlayıb və yaxın gələcəkdə əgər belə davam edərsə, o zaman vəziyyət həm savaş meydanında, həm də sülh masasında Rusiyanın nəzarətindən tamamilə çıxa bilər və situasiya tamamilə Ukraynanın xeyrinə yönələ bilər".
Pərvin Şakirqızı