"Tehranla Vaşinqton arasında mümkün razılaşma Kremlin həm iqtisadi, həm də geosiyasi maraqlarına ciddi təsir göstərə bilər..."


ABŞ və İran arasında əldə olunması gözlənilən yeni razılaşma təkcə Yaxın Şərqdəki vəziyyəti deyil, həm də Rusiyanın mövqelərini dəyişdirə bilər.






Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri yazıb.


Yaxın Şərqdə sülh Moskvanın maraqlarına uyğun deyil?


Nəşr yazır ki, Hörmüz boğazında gərginliyin azalması və Tehranla Vaşinqton arasında dialoqun bərpası Moskvanın uzunmüddətli maraqlarına uyğun gəlmir. Nəşrin təhlilinə görə, Kreml uzun illər regional böhranlardan həm siyasi, həm də iqtisadi dividendlər əldə edib. 


Buna görə də Yaxın Şərqdə vəziyyətin sabitləşməsi Rusiyanın geosiyasi manevr imkanlarını məhdudlaşdıra bilər. Məqalə müəlliflərinin fikrincə, ABŞ-İran münasibətlərində mümkün yumşalma Moskvanın həm enerji gəlirlərinə, həm də beynəlxalq təsir rıçaqlarına mənfi təsir göstərə bilər.


Neft gəlirləri və Kremlin büdcəsi risk altında


Məqalədə qeyd edilir ki, Yaxın Şərqdəki gərginlik son aylarda neft qiymətlərinin yüksək səviyyədə qalmasına kömək edib. Bu isə Rusiyanın enerji ixracından əlavə gəlirlər əldə etməsinə şərait yaradıb. Lakin İranla razılaşma perspektivi yaranan kimi neft qiymətlərində eniş müşahidə olunub. 


Analitiklər hesab edir ki, qiymətlərin uzunmüddətli azalması Rusiya büdcəsinə və iqtisadi artım göstəricilərinə mənfi təsir göstərə bilər. Ekspertlərin fikrincə, enerji bazarının sabitləşməsi Qərbin Rusiyaya qarşı əlavə iqtisadi təzyiq imkanlarını da genişləndirəcək.


Moskva geosiyasi təsir imkanlarını itirə bilər


"Newsweek" yazır ki, İranın beynəlxalq təcriddən qismən çıxması Moskvanın regiondakı rolunu zəiflədə bilər. Nəşr hesab edir ki, Tehran daha geniş manevr imkanları əldə etdikcə yalnız Rusiyaya söykənməkdən uzaqlaşacaq və Çin də daxil olmaqla digər tərəfdaşlarla əlaqələrini gücləndirəcək. Bundan əlavə, Yaxın Şərqdə gərginliyin azalması Qərbin diqqətini yenidən Rusiyaya yönəldə bilər. 


Məqalə müəlliflərinin qənaətinə görə, bu halda Moskva həm diplomatik, həm də iqtisadi baxımdan daha böyük təzyiqlə üzləşə bilər. Nəşr yekunda vurğulayır ki, ABŞ-İran razılaşması baş tutarsa, bu, Kremlin son illərdə faydalandığı bir sıra üstünlükləri zəiflədə və Rusiyanın beynəlxalq mövqelərinə mənfi təsir göstərə bilər.