"İsrailin mövcudluğu heç bir liderdən asılı deyil, yəhudi dövlətinin gücü xalqdan qaynaqlanır..."
ABŞ prezidenti Donald Trampın son günlərdə səsləndirdiyi "Mənsiz İsrail olmazdı" fikri həm ABŞ, həm də İsraildə müzakirələrə səbəb olub.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
Trampın bu bəyanatından sonra ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi və İsrail hökumətinin nazirlərindən biri fərqli mövqe ortaya qoyublar. Nəşr yazır ki, Yəhudeya və Samariyada keçirilən "İsrail İrsi üzrə Beynəlxalq Konfrans"da çıxış edən ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsrailin təkcə yəhudilər üçün deyil, Amerika üçün də fundamental əhəmiyyət daşıdığını bildirib.
"İsrailsiz, yəhudi təməli olmadan Amerika da olmazdı. Bizim mövcudluğumuzun özü bu torpaqlarda baş verən hadisələrlə bağlıdır", - deyə Hakabi vurğulayıb. Müşahidəçilərin fikrincə, bu bəyanat Trampın son çıxışlarında tez-tez təkrarladığı "Mənsiz İsrail olmazdı" sözləri ilə ziddiyyət təşkil edir.
"İsrail heç vaxt bir nəfərdən asılı olmayıb"
Trampın açıqlamalarına İsrailin diaspor məsələləri və antisemitizmlə mübarizə naziri Amixay Şikli də münasibət bildirib. Nazir sosial şəbəkədə paylaşımında qeyd edib ki, İsrailin taleyi heç vaxt hansısa bir liderdən asılı olmayıb.
"Müttəfiqlər və dostlar vacibdir. Çox vacibdir. Amma İsrailin mövcudluğu heç vaxt hansısa bir liderdən asılı olmayıb", - deyə Şikli yazıb. Onun sözlərinə görə, yəhudi dövləti xalqının cəsarəti, fədakarlığı və sarsılmaz iradəsi sayəsində yaşayır və yaşayacaq.
Beləliklə, həm ABŞ-ın İsraildəki səfiri, həm də İsrail hökumətinin nümayəndəsi yəhudi dövlətinin mövcudluğunu ayrı-ayrı siyasi liderlərlə deyil, tarixi və milli amillərlə əlaqələndirən mövqe ortaya qoyublar.