Bu gün Azərbaycan mediasının dəyərli simalarından biri, jurnalist, Moderator.az informasiya portalının təsisçisi Zülfüqar Hüseynzadənin vəfatından üç il ötür.
Zülfüqar Hüseynzadə ömrünü jurnalistikaya, cəmiyyətin maariflənməsinə və milli dəyərlərin qorunub təbliğinə həsr etmiş insanlardan idi. O, peşəkar fəaliyyəti, prinsipial mövqeyi və özünəməxsus yanaşması ilə həm həmkarlarının, həm də oxucularının böyük hörmətini qazanmışdı.
Əslən Kəlbəcərdən olan Zülfüqar Hüseynzadə doğma yurduna sonsuz sevgi bəsləyirdi. Kəlbəcər onun üçün sadəcə bir rayon deyil, həyatının, xatirələrinin və ruhunun ayrılmaz bir parçası idi. O, hər zaman Kəlbəcərin təbiətindən, tarixindən və insanlarından böyük sevgi ilə bəhs edir, doğma torpağına olan bağlılığını hər addımında hiss etdirirdi.
Taleyin qəribə təsadüfü ondadır ki, o, ən çox sevdiyi yurda – Kəlbəcərə səfəri zamanı dünyasını dəyişdi. Bu ayrılıq onu tanıyan hər kəs üçün daha da təsirli və unudulmaz oldu.
Onun təsis etdiyi Moderator.az illər ərzində ölkənin tanınmış xəbər və analitik platformalarından birinə çevrilərək Azərbaycan mediasında mühüm yer tutdu.
Artıq üç ildir ki, Zülfüqar Hüseynzadə fiziki olaraq aramızda deyil. Lakin onun adı, əməyi və qoyub getdiyi irs yaşayır. Onu tanıyanların yaddaşında o, peşəsinə sadiq, sözünün sahibi, vətənini və doğma yurdunu ürəkdən sevən bir insan kimi qalır.
Zülfüqar Hüseynzadə jurnalistikanı sadəcə peşə deyil, cəmiyyət qarşısında böyük məsuliyyət və xidmət missiyası hesab edirdi. O, hər zaman milli maraqların müdafiəsinə, həqiqətin insanlara çatdırılmasına və sağlam media mühitinin formalaşmasına öz töhfəsini verib.
Bu gün, vəfatının üçüncü ildönümündə Zülfüqar Hüseynzadəni dərin hörmət, ehtiram və minnətdarlıq hissi ilə yad edirik.
Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət, xatirəsi isə əbədi olsun.