Rusiya cəbhədə təşəbbüsü qismən qoruyub saxlayır, lakin böyük itkilər və hava hücumundan müdafiə sistemlərində yaranan çatışmazlıq onun imkanlarını məhdudlaşdırır...




 
NATO-nun yüksəkvəzifəli rəsmilərindən birinin sözlərinə görə, Rusiya Ukraynaya qarşı müharibədə indiyədək 1,3-1,45 milyon arasında ümumi itki verib. Bunların təxminən yarım milyonunun həlak olan hərbçilər olduğu bildirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "eurointegration.com.ua" nəşri məlumat yayıb.
 
Müharibənin qiyməti getdikcə artır
 
Ukraynadakı müharibə dördüncü ilinə yaxınlaşdıqca tərəflərin insan və texnika itkiləri rekord səviyyələrə çatır. Qərb rəsmilərinin qiymətləndirmələrinə görə, Rusiya böyük resurslara malik olsa da, cəbhədə əldə etdiyi nəticələr verdiyi itkilərlə müqayisədə xeyli məhduddur.
 
Eyni zamanda, Ukraynanın Rusiyanın hərbi infrastrukturuna və hava hücumundan müdafiə sistemlərinə endirdiyi zərbələr Moskvanın müdafiə imkanları ilə bağlı yeni suallar doğurur. NATO və Ukrayna mənbələri hesab edirlər ki, həm canlı qüvvə itkisi, həm də silah ehtiyatlarının tədricən azalması yaxın aylarda döyüş əməliyyatlarının gedişinə təsir göstərə bilər.

Cəbhədə əsas hədəflər dəyişmir
 
Alyans nümayəndəsinin sözlərinə görə, Rusiya qüvvələri xüsusilə Pokrovsk istiqamətində fəaldır və Dobropolyeyə doğru irəliləməyə çalışır. Eyni zamanda, əsas məqsədlərdən biri Konstantinovka üzərində nəzarəti ələ keçirməkdir.
 
Bununla yanaşı, Zaporojye istiqamətində Rusiya ordusunun irəliləyişi minimal olaraq qalır. NATO hesab edir ki, döyüşlərin intensivliyi davam etsə də, Rusiya qüvvələrinin effektivliyi əvvəlki dövrlərlə müqayisədə azalıb. Rəsmi həmçinin Rusiyada iqtisadi vəziyyətin getdikcə pisləşdiyini vurğulayıb.
 
Hava hücumundan müdafiədə çatışmazlıq yaranır
 
Bu arada, "CBS News"-un məlumatına görə, Ukraynanın son aylardakı zərbələri Rusiyanın hava hücumundan müdafiə imkanlarına da təsir göstərib. Ukrayna rəsmiləri Rusiyada əsas zenit-raket sistemlərindən olan S-300 kompleksləri üçün raket ehtiyatlarının azalmaqda olduğunu bildirirlər.

Məlumata görə, Ukrayna ordusu işğal olunmuş ərazilərdə və Krımda bir sıra hava hücumundan müdafiə sistemlərini məhv edib və ya sıradan çıxarıb. Analitiklər hesab edirlər ki, Kiyev bu çatışmazlığı daha da dərinləşdirməyə çalışır ki, Rusiyanın dərinliklərinə endirilən zərbələrin sayı artsın.
 
Ukrayna kəşfiyyatının məlumatına əsasən, Rusiya raket istehsalı üçün zəruri olan bəzi komponentlərin əldə edilməsində də çətinliklərlə üzləşir. Bununla belə, ekspertlər Moskvanın hələ də ölkə ərazisini qorumaq üçün kifayət qədər müasir və effektiv hava hücumundan müdafiə sistemlərinə malik olduğunu qeyd edirlər.