Xəbər verdiyimiz kimi, Ermənistan Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğun müraciətini təmin edərək ölkənin ikinci prezidenti, “Ermənistan” (“Hayastan”) blokunun lideri Robert Köçəryanın toxunulmazlığının ləğv edilməsinə razılıq verib. Bu barədə erməni mediasına açıqlama alan Köçəryanın vəkili Aram Orbelyan eks-prezidentə qarşı rəsmi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması maddələri ilə ittiham irəli sürüləcəyini bildirib:


“Söhbət Köçəryanın prezidentliyi dövründə – 2004-cü ildə hökumət tərəfindən təsdiq edilmiş bir sövdələşmədən gedir. Sözügedən sövdələşmə heç bir şəkildə mübahisələndirilməyib, Robert Köçəryanın və ailə üzvlərinin bununla heç bir əlaqəsi yoxdur. Sonradan, 2008-ci ildə Köçəryan artıq vəzifədə olmayanda, oğlu Sedrak Köçəryan kifayət qədər böyük məbləğ ödəyərək həmin şirkətdən pay alıb. İndi isə bunu birtəhər 2004-cü ilin hadisələri ilə əlaqələndirməyə çalışırlar. Söhbət “Master Klas” tennis kortlarının ərazisindən gedir. Həmin ərazi icarəyə verilibmiş və icarədar orada öz vəsaiti hesabına tikintiyə başlayıb. Lakin 2008-ci ildə maliyyə çətinlikləri yarandığı üçün investor axtarıb və Sedrak Köçəryana təklif irəli sürüb, o da prosesdə payçı kimi iştirak edib”.






Xatırladaq ki, Robert Köçəryan Ermənistanda revanşist qüvvələrin əsas simalarından biri hesab edilir. İiyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 12 mandat qazanıb ki, bu da Ermənistan parlamentində revanşist qüvvələrin təmsil olunacağından xəbər verir. Belə olan halda Robert Köçəryanın vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması maddələri ilə istintaqa cəlb edilməsi sadəcə eks prezidentə deyil, onun rəhbərlik etdiyi partiya və onun parlamentdəki təmsilçiləri üçün də böyük zərbə olacaq.


Köçəryanın məsuliyyətə cəlb olunması, eyni zamanda, Ermənistandakı revanşist qüvvələrin də mövqeyini sarsıdacaq, onların erməni cəmiyyətindəki nüfuzunu əhəmiyyətli dərəcədə zəiflədəcək. Bu isə Ermənistan toplumu daxilində sülh mühiti üçün daha əlverişli situasiyanın formalaşması deməkdir.


Bir sözlə, Paşinyanın vaxtiylə hakimiyyətdə təmsil olunan sabiq məmurlara qarşı apardığı mübarizə, onların hüquqi müstəvidə cəzalandırılması istiqamətində atdığı addımlar Ermənistan daxilində daha sağlam ab-hava yaratmaqla yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin inkişafına da əlavə sitimul verəcək.


Seymur ƏLİYEV