“Bu, Trampın xarakterinə, tərbiyəsinə uyğun bir sənəddir: ala-yarımçıq, ala-çiy...”
18 Jun 2026, 17:47 81 baxış 2 dəq oxuma
“Xüsusilə bu anlaşmaya İsrailin qoşulmaması da onu göstərir ki, bu etibarlı, tərəflərin asanlıqla tam əməl edəcəyi bir sənəd deyil...”
“Mən İranla ABŞ arasında imzalanmış son Anlaşma memorandumunu o qədər də hərtərəfli işlənmiş və möhkəm zəminə oturdulmuş sənəd hesab etmirəm. Əslində buna saziş demək düzgün deyil, bu sadəcə bir ilkin razılaşmadır. Xüsusilə bu anlaşmaya İsrailin qoşulmaması da onu göstərir ki, bu etibarlı, tərəflərin asanlıqla tam əməl edəcəyi bir sənəd deyil. Onun bütün müddəalarını yerinə yetirmək xeyli vaxt alacaq və yaxud da onlar heç yerinə yetirilməyəcək. Ona görə də mən bunu çiy bir sənəd adlandırardım.”
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.
“Məlumdur ki, İsrail nə Livandan, nə Suriyadan, nə də Qəzzadan qoşunlarını çıxarmayacağını bəyan edir. İran isə Livana yenidən hücum olacağı halda İsraili raket atəşinə tutacağını bəyan edir. Belə olan halda yekun sazişin imzalanması mümkün olarmı?” sualını isə politoloq belə cavablandırıb:
“Təəssüf ki, reallıq belədir. Ona görə də mən deyərdim ki, bu, Trampın xarakterinə tərbiyəsinə uyğun bir sənəddir: ala-yarımçıq, ala-çiy... İndi baxaq, görək. Hələ qarşıda memorandumdan sonra onun sülh sazişinə çevrilməsi üçün 30 gün müddət var, həmin müddətdə danışıqlar davam edəcək. Və burada bir çox suallar meydana çıxır: Saflaşdırılmış uranı İran təhvil verəcək, ya yox. Hörmüz boğazı açılacaq, ya yox... Bütün bunlar hamısı ən çətin həll olunası məsələlərdir. Ümid edək ki, bunlar həyata keçiriləcək, saziş imzalanacaq və regionda uzun müddətli sabitlik yaranacaq...”