"Müharibə dayansa da, nüvə proqramı, regional siyasət və İranın bərpasının maliyyələşdirilməsi ilə bağlı mühüm məsələlər hələ həll olunmayıb..."


ABŞ və İran arasında imzalanan anlaşma memorandumu Hörmüz boğazında gəmiçiliyin bərpasını və tərəflər arasında daha geniş razılaşmaya nail olmaq üçün yeni danışıqlar mərhələsinin başlanmasını nəzərdə tutur. 






Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.


Nüvə məsələsi hələ də tam həll olunmayıb


Prezident Donald Tramp sənədi ABŞ üçün mühüm uğur kimi təqdim etsə də, ekspertlər yekun razılaşmaya gedən yolun hələ uzun olduğunu vurğulayır. Tramp memorandumun İranın nüvə silahı əldə etməsinin qarşısını alacağını bildirsə də, sənədin məzmunu bu məsələnin tam həllini əks etdirmir.


Hazırkı razılaşmaya əsasən, İran yalnız yüksək zənginləşdirilmiş uran ehtiyatlarını Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında daha aşağı səviyyəyə endirməyə razılaşıb. Lakin bu bu prosesin necə həyata keçiriləcəyi, hansı müddətləri əhatə edəcəyi və gələcək məhdudiyyətlərin detalları hələ müəyyən edilməyib. Tərəflərə bu məsələlər üzrə yekun razılaşma əldə etmək üçün 60 gün vaxt verilib.


300 milyard dollarlıq plan suallar doğurur


Memorandumun ən çox müzakirə olunan hissələrindən biri İranın bərpası ilə bağlı ən azı 300 milyard dollarlıq planın hazırlanmasıdır. Sənədə görə, ABŞ regional tərəfdaşlarla birlikdə belə bir proqram üzərində işləməyə razılaşıb.


Ağ Ev rəsmiləri Vaşinqtonun İrana birbaşa vəsait ödəmək öhdəliyi götürmədiyini bildirsələr də, sənəddəki bəzi müddəalar gələcəkdə maliyyə dəstəyinin mümkünlüyü ilə bağlı suallar yaradır. Bu məsələ artıq ABŞ-da, o cümlədən Respublikaçılar Partiyası daxilində tənqidlərə səbəb olub. Bəzi siyasətçilər hesab edir ki, Tehran ciddi güzəştlər etmədən əhəmiyyətli üstünlüklər əldə edib.


Digər mübahisəli məsələlər danışıqlara saxlanılıb


Sənəddə İranın raket proqramı, eləcə də Tehranın regiondakı müttəfiqlərinə, o cümlədən "Hizbullah"a dəstəyi kimi məsələlərə demək olar ki, toxunulmur. Halbuki müharibənin əvvəlində həm Tramp, həm də İsrail rəhbərliyi bu mövzuları əsas prioritetlərdən biri adlandırıb.


Müşahidəçilərin fikrincə, memorandum daha çox atəşkəs və gələcək danışıqlar üçün çərçivə rolunu oynayır. Yekun sazişin əldə olunub-olunmayacağı isə hələlik qeyri-müəyyən olaraq qalır. Tramp da bu barədə danışarkən, əgər 60 gün ərzində nəticə əldə olunmasa, hərbi əməliyyatların yenidən gündəmə gələ biləcəyini istisna etməyib.


Əsas sınaq memorandumun icrası olacaq


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, ABŞ və İran arasında əldə olunan yeni memorandum əvvəlki nüvə sazişindən fərqli şəraitdə imzalanıb və onları birbaşa müqayisə etmək düzgün deyil.


Onun sözlərinə görə, əsas diqqət İranda qalan yüksək zənginləşdirilmiş uran ehtiyatlarına nəzarətə yönələcək. 


Memorandumda İranın nüvə silahı hazırlamamaq öhdəliyi təsdiqlənsə də, uran ehtiyatlarının gələcək taleyi və digər texniki məsələlər yekun saziş üzrə danışıqlarda müəyyənləşdiriləcək.


Qrossi vurğulayıb ki, MAQATE əldə olunan razılaşmanın icrasına nəzarət edəcək və öhdəliklərin pozulması halında bunu beynəlxalq ictimaiyyətə açıqlayacaq.