"Vaşinqtonun Avropadakı hərbi iştirakını azaltması fonunda Avropa müttəfiqləri müdafiə imkanlarını gücləndirməlidir..."
NATO-nun baş katibi Mark Rütte ABŞ-ın Avropadakı hərbi iştirakını azaltmaq planlarının dərhal qüvvəyə mindiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
ABŞ geri çəkilir, Avropa məsuliyyəti artırır
ABŞ administrasiyasının Avropadakı hərbi iştirakını azaltmaq planları NATO daxilində qüvvələr balansı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Vaşinqtonun diqqətini digər regionlara yönəltməsi fonunda Avropa müttəfiqlərinin alyansın müdafiə yükünün daha böyük hissəsini üzərinə götürməsi gözlənilir.
NATO rəhbərliyi hesab edir ki, bu dəyişikliklər alyansın zəifləməsi deyil, məsuliyyətin daha bərabər bölüşdürülməsi məqsədi daşıyır. Brüsseldə alyansın müdafiə nazirlərinin görüşü ərəfəsində danışan Rütte bildirib ki, yaranan boşluğu doldurmaq üçün Avropa ölkələri müdafiə sahəsində səylərini artırmalıdır.
Onun sözlərinə görə, söhbət NATO-nun qüvvələrin planlaşdırılması sistemi olan "NATO Force Model" çərçivəsində həyata keçirilən dəyişikliklərdən gedir. Rütte vurğulayıb ki, mümkün müharibə halında ABŞ da daxil olmaqla bütün müttəfiqlər maksimum hərbi imkanlarını səfərbər edəcəklər.
"Daha güclü Avropa, daha güclü NATO"
"NATO Force Model" alyans üzvlərinin hansı həcmdə qüvvə və texnikanı hazır vəziyyətdə saxlamalı olduğunu müəyyənləşdirir. Rütte qeyd edib ki, gələcəkdə ABŞ bu sistem çərçivəsində əvvəlkindən daha az hərbi resurs ayıracaq.
Baş katib bunun NATO-nun yeni inkişaf mərhələsinin tərkib hissəsi olduğunu bildirib. Onun sözlərinə görə, bəzi Avropa ölkələri artıq lazımi hərbi imkanları artırmağa başlayıb, lakin bir sıra istiqamətlərdə əlavə iş görülməlidir.
Xatırladaq ki, NATO ölkələri ötən il Haaqada keçirilən sammitdə 2035-ci ilədək müdafiə xərclərini ÜDM-in azı 3,5 faizi səviyyəsinə çatdırmaq, əlavə olaraq 1,5 faizi də müdafiə ilə bağlı digər sahələrə yönəltmək barədə razılığa gəliblər.
Pentaqon müttəfiqlərdən daha çox məsuliyyət tələb edir
ABŞ müdafiə naziri Pit Heqset də Brüsseldəki görüşdə müttəfiqləri üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırıb. Onun sözlərinə görə, bir çox ölkə müdafiə xərclərini artırır, lakin bəzi dövlətlərdən daha böyük töhfə gözlənilir.
Heqset vurğulayıb ki, NATO daxilində açıq və səmimi dialoq vacibdir. O, həmçinin müdafiə sənayesinə yatırımların artırılmasının həm ABŞ-ın maraqları, həm də alyansın ümumi gücü üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Brüsseldə keçirilən görüşdə Ukraynaya dəstək məsələsi də müzakirə olunur. Rütte Ukrayna Prezidenti Vladimir Zelenskinin "Ramştayn" formatında keçiriləcək iclasda iştirak edəcəyini və artıq Belçikaya gəldiyini açıqlayıb.