“5 ildir ki, doğum gününü onsuz qeyd edirik, gözümüz qapıdadır ki, nə vaxtsa gələcək...” - FOTO+ÖZƏL
19 Jun 2026, 09:05 2 baxış 3 dəq oxuma
“Artıq 5-ci ildir ki, doğum günlərini Elnursuz qeyd edirik. Elnuru 2021-ci ilin oktyabrın 19-u itirdik. Təsəllimiz yalnız budur ki, çox şükür Elnurdan sonra övladları var. Zəhra var, Mətin var... Allah hər ikisinə torpağı sanı ömür versin, atalarının yarım qalan arzularını davam etdirsinlər”.
Bunu Moderator.az-a açıqlamasında mərhum idman jurnalisti, televiziya aparıcısı Elnur Əşrəfoğlunun həyat yoldaşı İlahə Şükürova deyib.
O daha sonra Elnur Əşrəfoğlunun arzularından danışıb:
“Elnur Zəngilan həsrəti ilə dünyadan köçdü.. Doğulduğu evi, torpağı görmək istəyirdi.. Ora ilə bağlı çox planları var idi. Zəhra artıq 3-cü kurs tələbəsidir, Mətin isə 8-ci sinifdə oxuyur. İnşallah ki, Mətin də arzulayır ki, atasının sənətini davam etdirsin. Hər bir şeyin xeyirlisini istəyirəm. Mətinin futbolçu olmaq istəyi lap uşaqlıqdandır. Elnur onun o qədər beyninə salmışdı ki, Mətin özünü başqa sahədə görmək istəmirdi. Sözün düzünü deyim ki, mən bu istəyinə qarşı çıxdım. O hələ də oynayır, hələ də qapıçı kimi fəaliyyət göstərir. Travmalı bir idman növüdür. Heç istəmirəm. Amma həvəskar kimi oynamağına etiraz etmirəm. Futbolçu olmaqdan ötrü ürəyi getsə də, mən ona bu imkanı yaratmadım. Belə bir fikrə gəlib ki, atası kimi idman jurnalisti olsun”.
İlahə Şükürova deyir ki, hər an evdə onu xatırlayırlar:
“Elnur üçün gözümüz həmişə qapıdadır. İstər mənim, istərsə də uşaqların... Elə bilirik ki, nə vaxtsa gələcək.. Təklik çox çətin bir şeydir.. Övladların o qədər problemləri olur ki.. Allah ağır problemlər yaşatmasın. Həm övladlarımın ad günündə, həm digər xoş günlərdə, həm də çətin günlərdə istəyirəm ki, Elnur yanımda olsun.. O imkan verməzdi ki, biz bir sıxıntı çəkək. Ən çətin günlərimizdən biri elə doğum gününü onsuz qeyd etməkdir.. Yəni bu gün... (kövrəlir)”.
Qeyd edək ki, Elnur Əşrəfoğlu televiziya tarixinə 1995-ci ildə müstəqil Azərbaycanın İsraildə ilk futbol reportajını xarici ölkədən aparan şərhçi kimi daxil olub. 2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, sonra isə "Neftçi" klubunun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb.