“Ay kütbeyinlər, mənim utanacaq yerim yoxdur, onları hüquq-mühafizə orqanlarına şikayət edəcəm” - FOTO+ÖZƏL
19 Jun 2026, 08:55 3 baxış 5 dəq oxuma
“Sözün düzü insanların heç bir müzakirəsi mənə təsir etmir. Bəlkə də yaşım az olanda təsir edə bilərdi, amma indi yox. Çünki hərənin bir ağzı və bir fikri var. Lazımlı, lazımsız danışırlar. Mənfi rəy yazanlar mənə görə lazımsız insanlardır. Onları fikir olaraq qeydə almıram”.
Bunu Moderator.az-a açıqlamasında Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası Zülfiyyə Qurbanova deyib.
O daha sonra bildirib ki, podkastlardan birində “Mikrorayon” serialındakı obrazı haqda fikirləri sosial şəbəkələrdə böyük səs-küy yaradıb:
“Əslində mən orada elə də bir qeyri-adi fikir söyləməmişəm. Sadəcə olaraq səhifələr verilişi təhrif edərək paylaşıblar. O da əlaqəsiz yerlərdir. Mən orada “Mikrorayon” serialımdakı rolum barədə danışmışam. Mənə serialdakı qadının xarakteri barədə sual ünvanlanıb. Mən orada demişəm ki, həmin xanım sadə, zəhmət çəkərək balasını böyüdən qadındır. Amma bununla da yanaşı özünə baxan bir qadındır. Bir az özünə baxır deyə qonşunun kişisi başlayır onun haqda ağzına gələni danışmağa. Demişəm ki, cəmiyyətimizdə də belə kişilər var. Məgər yoxdur?! Bir az saçına daraq çəkib ictimaiyyət içərisinə çıxan, gecə növbəsində çalışan qadın haqda nə istəsələr danışırlar. “Mikrorayon” serialındakı Lütfiyyə rolu üzərindən çıxış edərək bu sözləri demişəm. Çünki o da özünə azdan-çoxdan baxır, diqqət edir. Restoranda qabyuyan işləyir, amma saçına tumar da çəkir. Qonşunun kişisi onun adına söz çıxarır. Yenə də eyni fikirdəyəm. Fikrimi yekunlaşdırıb demişəm ki, qadının arxasınca danışan kişi pozğundur. Çünki qonşunun kişisi o qadına şər atır, başqa şeylər təklif edir. Məhəllənin və qadının gözündə özünü biyabır edir. Mən müxtəlif rollları rahatlıqla oynaya bilərəm, çünki özümə arxayınam. Fikir fikri gətirib deyə bu sözləri demişəm. Öncədən düşünülmüş fikirlər deyil. Rollara keçid alaraq demişəm. Fikirlərimlə razılaşanlar daha çoxdur, razılaşmayanlar da bəllidir kimlərdir?!”.
Zülfiyyə Qurbanova deyir ki, bundan sonra onun haqda təhqiramiz rəy olarsa onu hüquq-mühafizə orqanlarına şikayət edəcək:
“Tamaşaçı heç vaxt qapımı döyüb, məndən fikir soruşmayıb ki, “Zülfiyyə Qurbanova, olar bu işimizdə bunu edək?!”. Soruşmadığına görə mənim də bir öhdəliyim və borcum yoxdur ki, onlardan nəsə bir fikir soruşum. Ona görə mən də normal olaraq öz qərarlarımı özüm verirəm. Bəzi kütbeyin tamaşaçılar yazıblar ki, “aktrisalara baxırlar, necədirlərsə elə də rol verirlər”.. Xeyr, ay kütbeyinlər! Əgər müəllim kasıb və varlı uşağı seçmədən dərs keçirsə, aktrisanın da borcudur ki, rolu seçmədən oynasın. Bu da onun peşəkarlığıdır. Mən müsahibəmdə demişəm, üstündə də dayanıram. Mən özümdən arxayın adamam, həyat gedişatım, düzgünlüyüm göz qabağındadır. Ona görə də mənim utanacaq yerim yoxdur. O adamın utanacaq yeri var ki, rolundakı axsaqlıq həyatında da var.. O adamlar qorxur ki, özü ilə rolu üst-üstə düşər. Mənim şükür Allaha qorxum yoxdur. Səviyyəli, gözəl fikir yazan tamaşaçının fikri mənim üçün önəmlidir. Xoşuma gəlməyən rəylər əlbəttə ki, olur. O rəyləri nəzarətimdə saxlayıram. Artıq təhqir səviyyəsinə keçəndə xəbərləri olmadan dəlilləri toplayıb, lazımı orqanlara verirəm. Sonra gəlib səninlə üzbəüz görüşüb, yazdıqlarını sübut edirlər. Yaxud da sübut edə bilməyib səndən üzr istəyib çıxıb gedirlər”.
Aktrisa ona gələn təkliflərdən də danışıb:
“Yaxşı film təklifləri var. Hələ ki, dəyərləndirməmişəm. Serial təklifi də gəlib. Dəyişik, tam fərqli xarakterli qadın rollarına çəkiləcəm ki, yaradıcılığıma yenilik qatsın”.