ABŞ və İranın İsveçrədə qarşılıqlı anlaşma memorandumu imzalamaq və texniki məsələlər üzrə danışıqlara başlamaq planları hələ tam olaraq razılaşdırılmayıb.
 




Moderator.az bildirir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vensin rəsmi nümayəndəsi jurnalistlərə məlumat verib.
 
"Vitse-prezidentin mətbuat konfransında bildirdiyi kimi, texniki məsələlərlə bağlı qarşıdan gələn danışıqların planları hələ tam təsdiqlənməyib və ABŞ nümayəndə heyəti ilk fürsətdə yola düşməyə hazırdır. Bununla belə, bu cür danışıqların təşkilati tərəfi heç vaxt asan və proqnozlaşdırılabilən olmayıb", - deyə Vensin mətbuat xidmətinin nümayəndəsi qeyd edib. Açıqlamada o da vurğulanıb ki, ABŞ-nin vitse-prezidentinin iyunun 18-də ABŞ-nin Şərq sahili vaxtı ilə axşam saatlarında İsveçrəyə yola düşməsi planlaşdırılmır. Rəsmi nümayəndə əlavə edib ki, Vaşinqton bu müzakirələrə ən qısa zamanda başlamaq niyyətindədir.
 
"Axios" nəşrinin və İsrailin "Channel 12" telekanalının əməkdaşı Barak Ravid da sözügedən məsələyə reaksiya verib.
 
O, "X" platformasında etdiyi paylaşımda bildirib ki, Vaşinqtonun vitse-prezident Cey Di Vensin İsveçrəyə nəzərdə tutulan səfərini ertələməsinin arxasında Tehranın Livanla bağlı tutduğu mövqe dayana bilər. Ravidin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, səfərin ləngiməsi qismən İran tərəfinin Livandakı vəziyyətlə əlaqədar irəli sürdüyü tələblərlə bağlıdır.
 
Tehran bundan əvvəl xəbərdarlıq edib ki, İsrail tərəfindən Livana ediləcək hər hansı yeni hücum Birləşmiş Ştatlarla əldə olunacaq anlaşma memorandumunun şərtlərinin pozulması kimi qəbul ediləcək.
 
Cey Di Vens bir müddət əvvəl memorandumun imza mərasiminin çox güman ki, həftəsonu keçiriləcəyini açıqlamışdı. O vurğulayıb ki, bu məsələnin reallaşması əsas etibarilə İran tərəfinin atacağı addımlardan asılıdır. /oxu.az/