Argentinalı teleaparıcı milli komandanın hücumçusu Lionel Messinin atasının ölümü barədə yalan məlumat verdikdən sonra emosional şəkildə üzr istəyərək vəzifəsini tərk edib.
Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Luzu TV" telekanalında yayımlanan "El Show del Verano" proqramında Florensiya Penya tamaşaçılara bu sözləri deyib: "Pis xəbər vermək istəməzdim, lakin Messinin atası indicə vəfat edib. Düz dünya çempionatının ortasında o geri dönməli olacaq".
İyunun 18-də Penya səhvinə görə üzr istədiyi və baş verənlərdən utandığını bildirdiyi bəyanat yayımlayıb.
"Mən Messinin ailəsindən onların yaşadıqları bu dəhşətli anlara görə üzr istəyirəm. Bu ağrının ötürücüsü olduğum üçün çox utanıram.
Aydınlaşdırmalıyam ki, bu yalan məlumat mənə canlı yayım zamanı təqdim edilib, şounun istehsal qrupu tərəfindən yoxlanılıb və mən də onlara güvənmişəm.
Buna baxmayaraq, səhvin mənə aid olan hissəsinə görə məsuliyyəti öz üzərimə götürürəm və bu səbəbdən kənara çəkilərək "Luzu"dakı işimi dayandırmaq qərarına gəldim. Bir daha ürəkdən üzr istəyirəm: mən səhv etdim", - deyə Penya bildirib.