“Bu onu göstərir ki, Rusiya hakimiyyəti Qərbin, xüsusilə ABŞ-ın Cənubi Qafqazda, o cümlədən Ermənistanda güclənməsindən narahatdır, amma əlindən bir şey gəlmədiyi üçün belə cılız bəyanatlar verir..."
 




“Bu cür bəyanatlar Mariya Zaxarova üçün artıq adiləşmiş ritorikadır və onlara ciddi yanaşmaq düzgün deyil. Kremldən ABŞ–Ermənistan birgə hərbi təlimləri ilə bağlı belə fikirlər səsləndirilməsini Ermənistandakı son parlament seçkilərindən sonra Paşinyan hakimiyyətinə qarşı bir dırnaqarası, lüzumsuz, əsası olmayan “təzyiq” elementi kimi də dəyərləndirmək olar. Lakin bu iddia əsassız və qeyri-ciddi xarakter daşıyır.”

Beynəlxalq məsələlər üzrə siyasi analitik Teymur Qasımlı bu fikirləri Moderator.az-a açıqlamasında “Rusiya XİN sözçüsü Mariya Zaxarova son mətbuat konfransında söyləyib ki, guya ABŞ-Ermənistan birgə təlimlərində  “erməni əsgərləri Rusiyaya qarşı döyüşmək üçün təlim keçəcəklər". Bunu necə şərh edərdiniz?” sualına cavab olaraq səsləndirib.
 
Qasımlı qeyd edib ki, həmin təlimlərin əsas məqsədi Ermənistan ordusunun peşəkarlığının artırılması, yenilənməsi və NATO standartlarına uyğunlaşdırılmasıdır. Onun fikrincə, erməni əsgərlərinin Rusiyaya qarşı döyüşməsi üçün təlim keçməsi barədə iddia tamamilə əsassız və qeyri-ciddi bir bəyanatdır, ortada bir fakt, sübut yoxdur və deyilənlər reallığı əks etdirmir. O həmçinin vurğulayıb ki, Ermənistanın müxtəlif ölkələrlə, o cümlədən Rusiya ilə də hərbi təlim və əməkdaşlıq formatları mövcuddur.
 
Analitik əlavə edib ki, sözügedən təlimlər ABŞ-ın son illərdə Ermənistanla yaxınlaşması və ikitərəfli əməkdaşlıq çərçivəsində dəyərləndirilməlidir. Onun sözlərinə görə, Mariya Zaxarovanın bu açıqlaması da göstərir ki, Rusiya hakimiyyəti Qərbin, xüsusilə ABŞ-ın Cənubi Qafqazda, o cümlədən Ermənistanda güclənməsindən narahatdır, amma əlindən bir şey gəlmədiyi üçün belə cılız bəyanatlar verir.
 
Teymur Qasımlı sonda bir daha vurğulayıb ki, bu iddialar ciddi əsas daşımır və daha çox siyasi ritorika xarakteri daşıyır.
 
Sultan Laçın