Böyük Britaniyanın Avropa İttifaqından ayrılması ölkə iqtisadiyyatının artım tempinə ən azı 6 faiz mənfi təsir göstərib.


Moderator.az “The Independent”ə istinadla xəbər verir ki, bu nəticə İngiltərə Bankının məlumatları əsasında aparılan yeni araşdırmada ortaya çıxıb.






Araşdırma çərçivəsində iqtisadçılar son on il ərzində minlərlə Britaniya şirkətinin fəaliyyətinə dair məlumatları, qəbul edilmiş iqtisadi qərarları və “Brexit” referendumundan sonra ölkədə baş verən iqtisadi prosesləri təhlil ediblər. Eyni zamanda, seçicilərin Avropa İttifaqında qalmağa səs verdiyi təqdirdə Böyük Britaniya iqtisadiyyatının hansı istiqamətdə inkişaf edə biləcəyi də qiymətləndirilib.


Mütəxəssislərin fikrincə, itirilmiş iqtisadi artımın təxminən yarısı referendumdan sonra yaranan qeyri-müəyyənliklə bağlı olub. Qalan hissə isə artan xərclər və ticarət maneələrinin təsiri nəticəsində meydana gəlib.


Araşdırmanın həmmüəllifi, ABŞ-nin Stanford Universitetinin professoru Nik Blum bildirib ki, “Brexit”in Böyük Britaniyaya təsiri dərhal deyil, sonrakı on il ərzində mərhələli şəkildə özünü göstərib.