Bu düzəlişin ləğvi ABŞ-ın Cənubi Qafqazdakı nüfuzunu daha da artıra bilər
Məlum olduğu kimi, 17 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeyi qəbul edib. Görüş zamanı Azərbaycanın XİN rəhbəri 907-ci düzəlişin tamamilə ləğvinin vacibliyini dilə gətirib. Ceyhun Bayramov qeyd edib ki, “sözügedən düzəliş öz mahiyyətinə görə köhnəlmiş yanaşmanı əks etdirir və mövcud geosiyasi reallıqlar, eləcə də Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır”.
Həqiqətən də Azərbaycan-ABŞ münasibətlərinin həm forma, həm də məzmunca yeni mərhələyə qədəm qoyduğunu nəzərə alsaq, 907-ci düzəlişin bu münasibətlərə tamamilə zidd olduğu şübhəsizdir. Vaxtiylə erməni lobbisinin təkidi ilə gerçəkləşən bu düzəliş Azərbaycanla ABŞ arasında münasbətlərin inkişafı yolundahəm siyasi, həm də mənəvi-psixoloji əngəl rolunu oynayır. Bu səbəbdən, Azərbaycan-ABŞ strateji tərəfdaşlığının ruhuna uyğun olaraq 907-ci düzəlişin ortadan qaldırılması günün tələbidir.
Bunu da qeyd edək ki, ABŞ-ın 907-cü düzəlişi tamamilə ləğv etməsi onun sadəcə ölkəmizdə deyil, bütün Cənubi Qafqazda nüfuzunun daha da artmasına səbəb ola bilər. Çünki Azərbaycan Cənubi Qafqazın şəriksiz lideri, aparıcı dövlətidir. ABŞ-ın Azərbaycanla münasibətləri inkişaf etdirməsi onun Cənubi Qafqazdakı mövcudluğunun güclənməsi, Vaşinqtona olan regional etimadın yüksəlməsi deməkdir.
Bundan başqa, ABŞ-Azərbaycan tərəfddaşlığının genişlənməsi bütövükdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadiyyatın inkişafına, sosial rifahın yüksəlməsinə təsir göstərəcək ki, bu da yalnız hökumətlərin deyil, eləcə də sadə vətəndaşların Vaşinqtona olan rəğbətini artıracaq.
Bir sözlə, 907-ci düzəlişin ləğvi ABŞ-ın öz maraqları baxımından zəruridir. Ümid edirik ki, Ağ Ev rəhbərliyi, eləcə də ABŞ konqresi bu reallığı nəzərə alacaq və iki dövlət arasında tərəfdaşlığın dərinləşməsinə mənəvi-siyasi əngəl olan bu problemi ortadan qaldıracaq.
Seymur ƏLİYEV