Suriya uzunillik fasilədən sonra iyulda birbaşa hava əlaqəsinin bərpası ilə bağlı Almaniyanın qərarını gözləyir.
Moderator.az xəbər verir ki, bu barədə Suriyanın Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsinin rəhbəri Ömər Xosari "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Suriya aviasiya qurumu ilə Almaniyanın səlahiyyətli orqanları arasında aparılan rəsmi yazışmalar və əldə olunan texniki razılaşmalar nəticəsində Dəməşq iki ölkə arasında hava əlaqəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması prosedurlarının gedişatı barədə müsbət siqnallar alıb.
"Gələn ayın ilk yarısında Almaniyanın səlahiyyətli orqanları tərəfindən yekun qərarın qəbul edilməsini gözləyirik, bu isə çoxillik fasilədən sonra Suriya və Almaniya arasında birbaşa hava uçuşlarının bərpasına yol açacaq", - Xosari qeyd edib.
O bildirib ki, texniki və hüquqi məsləhətləşmələri başa çatdırmaq, eləcə də hava əlaqəsi haqqında ikitərəfli sazişi imzalamaq üçün Suriya nümayəndə heyəti bu yaxınlarda Almaniyaya səfər edəcək.
"Saziş hava nəqliyyatı sahəsində əməkdaşlıq üçün davamlı zəmin yaradacaq, sərnişin daşımalarının inkişafına, həmçinin ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcək", - Xosari vurğulayıb.
Qurum rəhbəri həmçinin qeyd edib ki, Suriya birbaşa hava əlaqəsinin bərpası üçün bir sıra digər Avropa dövlətləri ilə işi davam etdirir və onların bəziləri ilə danışıqlar artıq başa çatmaq üzrədir.
"Yaxın vaxtlarda bu istiqamətdə müsbət nəticələri elan edəcəyimizə ümid edirik", - o əlavə edib.