"Ukrayna kəşfiyyatı uzaqmənzilli pilotsuz aparatların Rusiyanın artıq ən uzaq bölgələrini belə hədəfə ala bildiyini vurğulayır..."
Ukrayna Rusiya ərazisinə uzaqmənzilli pilotsuz uçuş aparatları ilə hücumların miqyasını xeyli genişləndirib.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Ukrayna müharibəni Rusiyanın dərinliklərinə daşıyır
Nəşrin yazdığına görə, əgər 2024-cü ilin əvvəlində ay ərzində onlarla dron buraxılırdısa, indi Ukrayna Müdafiə Qüvvələri hər gecə orta hesabla 200-300 pilotsuz aparat işə salır. Nəşrin məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin gizli obyektlərindən birində "Lyutıy" tipli zərbə dronları hazırlanır.
Kəşfiyyat nümayəndələri bu aparatların 60 kiloqrama qədər döyüş başlığı daşıya və təxminən 2000 kilometr məsafə qət edə bildiyini bildirirlər. Onların sözlərinə görə, əsas hədəflər hərbi obyektlər, neft emalı müəssisələri və Rusiya hərbi maşınının maliyyələşməsinə xidmət edən infrastrukturdur.
Müharibə Rusiyanın dərinliklərinə çatır
Ukrayna tərəfi hesab edir ki, bu kampaniya artıq Rusiya cəmiyyətində müharibəyə münasibəti dəyişməyə başlayıb. Kəşfiyyat rəsmilərinin fikrincə, əvvəllər hadisələri "xüsusi hərbi əməliyyat" kimi qəbul edən rusiyalılar indi müharibənin nəticələrini öz gündəlik həyatlarında hiss edirlər.
Bu gün, iyunun 19-da Moskva yenidən dron hücumuna məruz qalıb. Paytaxt meri Sergey Sobyanin onlarla pilotsuz aparatın şəhərə yaxınlaşarkən vurulduğunu açıqlasa da, sosial şəbəkələrdə Moskva üzərində uçan dronların görüntüləri yayılıb. Hücumlar fonunda paytaxt hava limanlarında yüzlərlə reysin gecikdiyi bildirilir.
Moskva Neft Emalı Zavodu fəaliyyətini dayandırıb
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə iyunun 18-də Moskva Neft Emalı Zavoduna endirilən zərbələrin nəticələrini açıqlayıb. Məlumata görə, müəssisənin emal qurğusu və bir neçə böyük yanacaq çəni zədələnib, nəticədə zavod neft emalını qeyri-müəyyən müddətə dayandırıb.
Bununla yanaşı, Ukrayna qüvvələrinin Krım istiqamətində dəmir yolu körpülərinə, habelə işğal altındakı ərazilərdə hərbi logistika üçün istifadə olunan digər obyektlərə zərbələr endirdiyi bildirilir.
Ukrayna kəşfiyyatı uzaqmənzilli pilotsuz aparatların imkanlarının artdığını vurğulayır. Onların iddiasına görə, bəzi yeni modellər artıq 3200 kilometrdən çox məsafə qət edə və daha ağır döyüş başlığı daşıya bilir. Bu səbəbdən Kiyev Rusiyanın dərin arxa cəbhəsindəki hədəflərə qarşı təzyiqi davam etdirmək niyyətində olduğunu gizlətmir.