"Macarıstanda hökumət dəyişikliyindən sonra Brüssel Rusiyaya təzyiqi artırmaq barədə daha vahid mövqe nümayiş etdirir..."


Avropa İttifaqına (Aİ) üzv ölkələr Brüsseldə keçirilən sammitdə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətini ilk dəfə altı ay deyil, bir il uzatmaq barədə razılığa gəliblər. 






Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.


Məlumatda deyilir ki, qərarın yaxın həftələrdə Avropa İttifaqı Şurası tərəfindən rəsmən təsdiqlənəcəyi gözlənilir. Bu addımın atılması Macarıstanın əvvəlki mövqeyinin dəyişməsi ilə mümkün olub. Uzun illər baş nazir vəzifəsini tutan Viktor Orban sanksiyaların uzadılmasına mütəmadi şəkildə mane olurdu. May ayında vəzifəyə başlayan yeni baş nazir Peter Madyar isə qərarı dəstəkləyib.


Aİ Ukrayna məsələsində yenidən vahid mövqe nümayiş etdirdi


Sammitdə qəbul olunan Ukrayna ilə bağlı bəyannamə də bütün 27 üzv ölkə tərəfindən dəstəklənib. Bu, 2024-cü ilin dekabrından bəri ilk belə haldır. Sənəddə bildirilir ki, Aİ Rusiyanın hərbi iqtisadiyyatını zəiflətmək və Moskvanı real sülh danışıqlarına sövq etmək məqsədilə təzyiqləri daha da artırmaq niyyətindədir. 


Birlik xüsusilə enerji daşıyıcılarının satışından əldə olunan gəlirlərin, o cümlədən "kölgə donanması" vasitəsilə qazanılan vəsaitlərin azaldılmasının vacibliyini vurğulayıb. Eyni zamanda, Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin tezliklə qəbul edilməsinə çağırış edilib.


Yeni sanksiyalar ətrafında mübahisələr davam edir


21-ci sanksiyalar paketinin dəqiq məzmunu hələ açıqlanmasa da, mediada yayılan məlumatlara görə, paketə Ukraynadakı müharibədə iştirak edən Rusiya hərbçilərinin Aİ-yə girişinə qadağa, habelə enerji, maliyyə, ticarət və ilk dəfə olaraq balıqçılıq sektoruna yönəlmiş məhdudiyyətlər daxil ola bilər.


Bundan başqa, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçə qarşı da sanksiyaların tətbiqi müzakirə olunur. Lakin Bolqarıstan prezidenti Rumen Radev artıq bəyan edib ki, ölkəsi yeni sanksiyalar paketinə veto qoya bilər.


O, bunu Bolqarıstan iqtisadiyyatı ilə bağlı narahatlıqlar və Patriarx Kirillə qarşı məhdudiyyətlərlə razılaşmaması ilə izah edib. Bununla belə, Radev Ukraynanın Aİ-yə üzvlüyü üzrə danışıqlar prosesini dəstəklədiklərini də vurğulayıb.