"Leyboristlərin nüfuzunun zəiflədiyi bir vaxtda Endi Börnemin parlamentə qayıdışı onu həm partiya liderliyi, həm də baş nazirlik uğrunda mübarizənin əsas fiqurlarından birinə çevirə bilər..."
Böyük Mançesterin meri Endi Börnem parlamentə keçirilən əlavə seçkilərdə qalib gələrək Britaniya siyasətinin mərkəzinə qayıdıb.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Nəşr yazır ki, bu qələbə ona gələcəkdə Leyborist Partiyasının liderliyi və hətta baş nazir postu uğrunda mübarizə aparmaq imkanı yaradır. Şimali-qərbi İngiltərədə yerləşən Meykerfild dairəsində keçirilən seçkilərdə Börnem sağçı-populist Reform UK Partiyasının namizədi Robert Kenyonu məğlub edib.
Seçkilər həmin dairənin əvvəlki deputatı Coş Saymonsun mandatından imtina etməsindən sonra baş tutub. Börnem nəticələri ölkənin ehtiyac duyduğu dəyişikliklər üçün "dönüş nöqtəsi" adlandırıb. Onun sözlərinə görə, bu qələbə Britaniyada yeni siyasi mərhələnin başlanğıcı ola bilər.
Starmerə təzyiq artır
May ayında keçirilən bələdiyyə seçkiləri həm hakim Leyborist Partiyası, həm də mühafizəkarlar üçün uğursuz olub. Seçicilərin əhəmiyyətli hissəsi səsini Naycel Faraj rəhbərlik etdiyi Reform UK Partiyasına, daha az hissəsi isə Yaşıllar Partiyasına verib. Bu nəticələrdən sonra baş nazir Kir Starmer üzərində partiyadaxili təzyiq xeyli artsa da, o, istefa vermək niyyətində olmadığını bildirib.
Analitiklər hesab edirlər ki, Börnemin parlamentə qayıdışı Leyborist Partiyasında liderlik uğrunda yeni mübarizənin başlanğıcı ola bilər. Bu baş verərsə, onun partiya rəhbərliyi uğrunda artıq üçüncü cəhdi olacaq. O, 2010-cu ildə Ed Milibendə, 2015-ci ildə isə Ceremi Korbinə uduzub.
"Dəyişiklik üçün son şans"
Qələbə nitqində Börnem seçkilərin nəticəsini "dəyişiklik üçün son şans" adlandırıb. "İkinci şans olmayacaq" deyən siyasətçi ölkədə birlik və ümid üzərində qurulan yeni siyasət formalaşdırmağın mümkün olduğunu vurğulayıb.
Böyük Mançester meri vəzifəsindən ayrılacağına görə təəssüfləndiyini bildirən Börnem qeyd edib ki, İngiltərənin şimalı ilə cənubu arasındakı fərqləri milli səviyyədə ciddi islahatlar olmadan aradan qaldırmaq mümkün deyil.
"Şimal kralı"
56 yaşlı Börnem hazırda Böyük Britaniyanın ən populyar siyasətçilərindən biri hesab olunur. YouGov sorğularına görə, o, ölkədə reytinq cədvəlinin zirvəsində qərarlaşıb, baş nazir Starmer isə ilk iyirmilikdən kənarda qalıb.
Börnem 16 il İcmalar Palatasının üzvü olub, daha sonra isə 2017-ci ildə Böyük Mançester meri seçilərək parlamentdən ayrılıb. O, bu vəzifəyə daha iki dəfə yenidən seçilib və hər dəfə böyük üstünlüklə qalib gəlib.
Koronavirus pandemiyası dövründə Londonla sərt mübahisələri və İngiltərənin şimal bölgələrinin maraqlarını müdafiə etməsi ona mediada "Şimal kralı" ləqəbini qazandırıb. İndi isə Britaniya siyasətində qüvvələr nisbətinin dəyişdiyi bir vaxtda həmin "Şimal kralı"nın ölkənin növbəti baş naziri olmaq uğrunda mübarizəyə qoşulacağı gözlənilir.