"Vyetnamda ilk dəfə tam dərialtı kardioverter-defibrilyatorun implantasiyası həyata keçirilib..."
Vyetnamın Gia An 115 xəstəxanasında ürək ritmi pozuntularının müalicəsində mühüm yenilik sayılan tam dərialtı implantasiya olunan kardioverter-defibrilyatorun (S-ICD) uğurlu implantasiyası həyata keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə "vietnam.vn" nəşri yazıb.
Qəfil ürək ölümü riskinə qarşı yeni nəsil müdafiə sistemi
Mütəxəssislər hesab edir ki, yeni texnologiya minlərlə risk qrupunda olan xəstənin həyatını xilas edə bilər. Nəşr yazır ki, bu texnologiya qəfil ürək ölümünün qarşısını almağa kömək edir və ürəyin daxilinə yerləşdirilən elektrodlarla bağlı bir çox ağırlaşmaları aradan qaldırır.
47 yaşlı xəstə Bruqada sindromundan əziyyət çəkirdi. Bu irsi xəstəlik təhlükəli ürək ritm pozuntularına səbəb olaraq qəfil ölüm riski yarada bilir. Həkimlər həmin riski azaltmaq üçün ona 2019-cu ildə adi kardioverter-defibrilyator implantasiya edib. Cihaz təhlükəli ritm pozuntusu aşkar etdikdə avtomatik elektrik impulsu verərək ürəyin normal fəaliyyətini bərpa edirdi.
Lakin illər sonra cihazın elektrodlarında nasazlıq yaranıb və xəstə səbəbsiz elektrik zərbələrinə məruz qalmağa başlayıb. "Bir səhər ardıcıl beş dəfə elektrik zərbəsi aldım", - deyə pasiyent xatırlayıb.
Yeni texnologiyanın üstünlükləri
Müayinələrdən sonra həkimlər köhnə sistemi tam dərialtı S-ICD cihazı ilə əvəz etmək qərarına gəliblər. Bu texnologiyada elektrodlar ürəyin daxilinə deyil, dərialtı sahəyə yerləşdirilir.
Aritmiya üzrə mütəxəssis, doktor Nquyen Xiem Tao bildirib ki, S-ICD sisteminin əsas üstünlüyü qan damarları və ürək boşluqları daxilində elektrodların olmamasıdır. Bu isə infeksiya, damar zədələnməsi və elektrod qırılması kimi riskləri əhəmiyyətli dərəcədə azaldır.
Mütəxəssisin sözlərinə görə, cihaz xüsusilə gənc xəstələr, uzun müddət belə sistem daşımalı olan şəxslər, eləcə də damar quruluşunda anomaliyalar və ürək infeksiyası riski olan insanlar üçün daha uyğun hesab edilir.
Əməliyyatdan sonra xəstənin vəziyyəti sabitləşib və o, demək olar ki, normal həyata qayıda bilib.
Təhlükə illərlə gizli qala bilər
Həkimlər xəbərdarlıq edir ki, ürək ritmi pozuntuları uzun illər heç bir əlamət vermədən inkişaf edə bilər. Bəzən problem yalnız huşun itirilməsi, bayılma və ya qəfil ürək dayanması kimi ağır hallardan sonra aşkar edilir.
Hazırda implantasiya olunan defibrilyatorlar təkcə Brugada sindromu olan xəstələrə deyil, həmçinin kardiomiopatiya, ürək çatışmazlığı və təhlükəli mədəcik aritmiyaları riski daşıyan şəxslərə də tövsiyə olunur. Qəfil ürək dayanmasından sonra reanimasiya edilərək xilas olunan xəstələr də bu qrupa daxildir.
Mütəxəssislər səbəbsiz ürəkdöyünmə, sürətli nəbz, bayılma halları və ya ailəsində gənc yaşda qəfil ölüm faktları olan şəxslərə vaxtında kardioloji müayinədən keçməyi tövsiyə edirlər. Onların fikrincə, erkən diaqnoz bir çox hallarda həyatı xilas edə bilər.