"Kiyevin əsas məqsədi kütləvi pilotsuz aparat hücumları ilə Rusiyanın HHM sistemini həddindən artıq yükləməkdir..."
Ukraynanın son aylarda Rusiya ərazisinə, xüsusilə də Moskvaya qarşı həyata keçirdiyi kütləvi dron hücumları Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemindəki problemləri üzə çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb.
Moskvaya dron hücumları Rusiyanın HHM problemlərini üzə çıxardı
Hərbi ekspertlərin fikrincə, Kiyev uzun illər ərzində pilotsuz aparatlarının Moskva kimi uzaq hədəflərə çata bilməsi üçün hazırlıq aparıb. Nəşr qeyd edir ki, Ukraynanın strategiyası HHM sistemini çoxsaylı dronlarla yükləmək və tədricən tükəndirməkdir.
CNN-in araşdırdığı videogörüntülərdə Rusiya hərbçilərinin avtomobillərlə dolu magistralda daşınan zenit-raket komplekslərindən atəş açdığı, başqa bir epizodda isə HHM raketinin neft çəninə düşdüyü görünür. Ekspertlər bunu koordinasiya problemlərinin əlaməti kimi qiymətləndirirlər.
Ukrayna HHM obyektlərini hədəfə alır
Mütəxəssislərin sözlərinə görə, müharibənin əvvəlində Rusiya HHM vasitələrinin böyük hissəsini cəbhə xəttində cəmləşdirmişdi. Lakin Ukrayna həm işğal olunmuş ərazilərdə, həm də Rusiyanın daxilində müxtəlif hədəflərə zərbələr endirməklə Moskvanı müdafiə sistemlərini geniş əraziyə yaymağa məcbur edib.
Bununla yanaşı, Ukrayna son illərdə HHM qurğularını və radiolokasiya stansiyalarını da mütəmadi olaraq hədəfə alıb. Ukrayna Müdafiə Qüvvələrinin məlumatına görə, 2026-cı ilin əvvəlindən bəri 166, 2022-ci ildən isə ümumilikdə 1432-dən çox Rusiya HHM vasitəsi məhv edilib.
"Bütün variantlar Rusiya üçün pisdir"
Londondakı analitiklər bildirirlər ki, Rusiya HHM sistemlərinin əksəriyyəti pilotsuz aparatlarla deyil, təyyarə və raketlərlə mübarizə üçün yaradılıb. Buna görə də kiçik ölçülü və çoxsaylı dronları aşkar etmək və izləmək daha çətindir.
Ekspertlərin fikrincə, Ukrayna eyni vaxtda yüzlərlə dron buraxdıqda onların bir hissəsinin müdafiə xəttini yararaq hədəfə çatması qaçılmaz olur. Üstəlik, belə hücumlar davam etdikcə Rusiyanın HHM raket ehtiyatlarının da azalması ehtimalı artır.
Analitik Tomas Uitinqtonun sözlərinə görə, Ukraynanın uzaqmənzilli hücumlarının intensivliyi fonunda "Rusiya üçün bütün variantlar pis görünür" və hazırda əsas sual hansı seçimin daha az itkiyə səbəb olacağıdır.
Moskvaya son zərbə
Ukrayna mənbələrinin məlumatına görə, 18 iyun gecəsi pilotsuz aparatlarla Moskva Neft Emalı Zavoduna növbəti zərbə endirilib. Ukrayna prezidenti Vladimir Zelenski bunu Rusiyanın Ukrayna şəhərlərinə hücumlarına cavab adlandırıb.
Ukrayna Baş Qərargahı müəssisə ərazisində bir neçə yanğın ocağının qeydə alındığını bildirib. Ukraynalı hərbçilərin sözlərinə görə, əməliyyat zamanı "Lütıy", Firepoint, "Begemot" tipli pilotsuz aparatlarla yanaşı, saxta hədəf rolunu oynayan dronlardan da istifadə olunub.