"Avropa liderlərinin müdaxiləsi Vaşinqtonun mövqeyinin dəyişməsində mühüm rol oynayıb..."


Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, ABŞ prezidenti Donald Tramp 2025-ci ilin avqustunda Alyaskanın Ankoric şəhərində Rusiya lideri Vladimir Putin ilə görüş zamanı Ukrayna ilə bağlı Moskvanın xeyrinə ciddi güzəştlərə getməyə çox yaxın olub.






Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri məlumat yayıb.


Avropa Trampın mövqeyini dəyişdi


Makronun sözlərinə görə, həmin vaxt müzakirə olunan mümkün razılaşma Rusiyaya hətta işğal etmədiyi Ukrayna ərazilərinin də verilməsini nəzərdə tuturdu. Fransa lideri bildirib ki, bundan sonra Avropa nümayəndə heyəti Vaşinqtona gedərək belə bir ssenarinin qəbuledilməz olduğunu ABŞ rəhbərliyinə izah etməyə çalışıb.


Makron qeyd edib ki, sonrakı aylarda vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Onun sözlərinə görə, ABŞ prezidenti Ukraynanın müqavimət göstərmək qabiliyyətini öz gözləri ilə gördü və əvvəllər səsləndirilən "Ukrayna qışı çıxara bilməyəcək" kimi proqnozların doğru olmadığını anladı.


Fransa prezidenti bildirib ki, Tramp ukraynalıların dözümlülüyünü və bacarığını gördükdən sonra onlara münasibəti dəyişib. Eyni zamanda o, Rusiyanın verdiyi öhdəliklərə əməl etmədiyini və Moskvanın "sülh" adlandırdığı planın əslində Ukraynanın kapitulyasiyasını nəzərdə tutduğunu başa düşüb.


"Ankoric ruhu" nədir?


Müharibənin dayandırılması ilə bağlı danışıqların dalana dirəndiyi bir vaxtda Rusiya nümayəndələri tez-tez "Ankoric ruhu" ifadəsini işlətməyə davam edirlər. Kreml bu terminlə guya Tramp və Putin arasında Alyaskadakı görüş zamanı əldə olunmuş qarşılıqlı anlaşmanı nəzərdə tutur.


Ukrayna prezidenti Vladimir Zelenski isə daha əvvəl bəyan edib ki, Rusiya tərəfinin tez-tez xatırlatdığı "Ankoric ruhunun" əslində nə demək olduğu tam aydın deyil.


Müşahidəçilərin fikrincə, "Ankoric ruhu" ifadəsi daha çox Rusiya təbliğatında istifadə olunan və Ukraynadakı müharibənin başa çatdırılması şərtləri ilə bağlı Tramp-Putin görüşündə əldə olunduğu iddia edilən qeyri-rəsmi razılaşmaları təsvir edən siyasi termindir.