"Fermi paradoksu və kainatın nəhəngliyi fonunda alimlər hesab edir ki, mümkün yad sivilizasiyaların Yerə gəlməməsinin həm fiziki, həm də məntiqi izahları var..."
Alimlər uzun illərdir Fermi paradoksuna - kainatda çoxsaylı ağıllı sivilizasiyaların ola biləcəyi ehtimalı ilə onların heç bir izinin görünməməsi arasındakı ziddiyyətə cavab axtarırlar.
Moderator.az xəbər verir ki, bu barədə "Science Alert" nəşri yazıb.
Nəşr yazır ki, mövzuya marağı ABŞ Müdafiə Nazirliyinin açıqladığı naməlum anomaliyalar (UAP) ilə bağlı sənədlər də artırıb. Lakin bu materiallarda yadplanetli mənşəyə dair heç bir sübut yoxdur. Nəşrin təhlilinə görə, əgər belə sivilizasiyalar mövcuddursa belə, onların Yerə gəlməməsinin 3 əsas elmi səbəbi var.
1. Nəhəng məsafələr və işıq sürətinin məhdudluğu
Kainatın ölçüləri insan təsəvvüründən çox böyükdür. Günəşə ən yaxın ulduz olan Proksima Sentavr təxminən 4,24 işıq ili uzaqlıqdadır (təxminən 40 trilyon km). İnsanlığın ən sürətli kosmik aparatı olan "Parker Solar Probe" saniyədə təxminən 192 km sürət yığa bilir, bu isə işıq sürətinin cəmi 0,064 faizidir.
Bu sürətlə ən yaxın ulduza səyahət belə min illərlə çəkərdi. Deməli, ulduzlararası uçuşlar hazırkı texnologiyadan dəfələrlə üstün imkanlar tələb edir. Eyni zamanda Eynşteynin nisbilik nəzəriyyəsinə görə, işıq sürətinə yaxın hərəkətdə zaman kosmik gəmidə daha yavaş axır. Yəni astronavt üçün bir neçə on il keçsə də, Yer üzündə min illər ötə bilər.
2. Uçuşların həddən artıq baha olması
Fizika göstərir ki, sürət işıq sürətinə yaxınlaşdıqca enerji tələbatı kəskin artır. Belə səyahətlər üçün lazım olan enerji miqyası mövcud sivilizasiyaların imkanlarını çox aşır. Buna görə də yüksək inkişaf etmiş bir sivilizasiya belə, yüzlərlə milyard ulduzun olduğu qalaktikada bir planetə ekspedisiyanı səmərəsiz hesab edə bilər.
3. Yer yadplanetlilər üçün təhlükəli ola bilər
Yer atmosferi təxminən 21faiz oksigendən ibarətdir. Bu qaz insan üçün həyati vacib olsa da, kimyəvi baxımdan çox aktiv və aqressivdir. Başqa mühitdə təkamül etmiş canlılar üçün bu cür atmosfer zəhərli və ya dağıdıcı ola bilər. Yəni Yer bəzi potensial sivilizasiyalar üçün "yaşanılmaz mühit" də ola bilər.
Alternativ izahlar: bəlkə biz maraqlı deyilik?
Bəzi alimlər daha sadə izah irəli sürür: Yer sadəcə diqqətəlayiq deyil. Süd Yolu qalaktikasında yüz milyardlarla ulduz və çoxlu sayda planet var. Bu baxımdan Yer sıradan bir planet kimi görünə bilər.
Başqa bir fərziyyə isə "zoopark hipotezi"dir: yadplanetlilər bilərəkdən Yerə müdaxilə etmir və insanlığın inkişafını müşahidə edirlər. Alimlər hesab edir ki, yad həyatın mövcudluğu ehtimalı yüksək olsa da, onun Yerə gəlməməsi nəhəng məsafələrlə, enerji məh dudiyyətləri ilə, bioloji uyğunsuzluqlarla izah oluna bilər.