“İllər ötəcək- Şirin Mirzəyev Milli Ordu quruculuğunda danılmaz xidmətləri olmuş şəhid qəhrəman kimi daim xatırlanacaq...”
20 Jun 2026, 18:48 2 baxış 4 dəq oxuma
Bu gün 20 iyun 1992-ci ildə dəfn olunan şəhid əfsanəvi komandir, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin Bakıda - Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilib.
Moderator.az xəbər verir ki, bu barədə Qaziler.az saytı məlumat yayıb.
Anım mərasimində Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev, Şirin Mirzəyevin döyüşçüsü olmuş Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, professor, qəhrəmanımızı yaxından tanıyan Mübariz Allahverdiyev, Ağdam rayon icra hakimiyyətinin Şəhid ailələri və Qazilərlə iş şöbəsinin müdiri Samir Məmmədov və Şirin Mirzəyevin əsgərləri olmuş digər qazilər çıxış ediblər.
Milli Qəhrəmanın həyat yoldaşı, sabiq deputat Flora xanım Qasımova çıxış edərək anım tədbirində iştirak edənlərə ailələri adından minnətdarlığını bildirib.
Zəruri xatırlatma:
Şirin Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taborlarından birini yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib.
Şirin Mirzəyev 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı minaya düşərək həlak olub, iyunun 20-də isə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Polkovnik-leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib.
Hər il yanvarın 5-də və iyunun 20-də Şirin Mirzəyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri onun Şəhidlər Xiyabanındakı məzarını ziyarət edirlər.
Xatırladaq ki, 18 iyun 1992-ci ildə Şirin Mirzəyevlə yanaşı 708 saylı briqadanın tank komandiri baş leytenant Qahir Hüseynovun (Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib -red.), 836 saylı alayın kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri leytenant Yavər Babayevin, Mübariz və Araz Mirzəyevin (Hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir) şəhid olubdur.
Ölümündən sonra Şirin Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Adına Bakı şəhərində küçə var. Xidmət etdiyi 836-cı hərbi hissənin həyətində abidəsi qoyulmuşdur.
2021-ci ildə Türkiyənin Bursa vilayətində Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıb.
I Qarabağ savaşı zamanı baş verən olayların şahidi və iştirakçısı kimi deyə bilərəm ki, illər, on illər, qərinələr, əsirlər ötəcək - 1918-1920-ci illərdə Milli Ordumuzun təməlini qoymuş generallarımız, hərbçilərimiz kimi polkovnik-leytenant Şirin Mirzəyevin də adı Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra ordumuzun yenidən qurulmasında önəmli və danılmaz xidmətlər göstərmiş və sonda Vətən torpaqları uğrunda şəhid olmuş bir qəhrəman kimi daim xatırlanacaq.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Həyatda olan qazi, o cümlədən Qəhrəmanlarımızı qorusun!..