Türkiyə hərbi dənizçilik tarixində mühüm bir ilkə imza ataraq, bir NATO ölkəsinin hərbi dəniz qüvvələri üçün gəmi ixrac edib.
Rumıniyaya məxsus "Cam. Roman" korvetinin təhvil verilməsi münasibətilə İstanbulda təntənəli mərasim keçirilib.
Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rumıniya lideri Nikuşor Dan iştirak ediblər.
Tədbirdə çıxış edən prezident Ərdoğan bu hadisənin hərbi sənaye baxımından tarixi əhəmiyyətini vurğulayıb:
"Bu gün biz dənizçilik sənayemizin, mühəndislik məharətimizin və Türkiyə-Rumıniya dostluğunun növbəti uğurlarını təsdiqləmək üçün İstanbulda toplaşmışıq. Türkiyə və Rumıniya arasındakı köklü dostluğa doğru daha bir addım ataraq, "Cam. Roman" korvetini qürurla Rumıniya donanmasına təhvil veririk. Bu, tariximizdə həm NATO, həm də Avropa İttifaqının üzvü olan bir ölkəyə ilk hərbi gəmi tədarüküdür".
Türkiyə lideri Qara dəniz regionunun "Avro-Atlantik təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsi" olduğunu diqqətə çatdırıb:
"Türkiyə, Rumıniya və Bolqarıstan arasında dəniz minalarına qarşı mübarizə kimi sahələrdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndiririk. Ümid edirik ki, bu tərəfdaşlıq gələcəkdə daha da sıx xarakter alacaq. Digər mühüm bir məqam isə ondan ibarətdir ki, bu gün təhvil verdiyimiz gəmilərdə istifadə olunan döyüş idarəetmə sistemi, radarlar, atəşi idarəetmə, sonar sistemləri və yaxın müdafiə silahları tamamilə yerli şirkətlərimiz tərəfindən istehsal edilib".
Mərasim çərçivəsində Rumıniya korveti ilə yanaşı, Türkiyə Hərbi Dəniz Qüvvələrinə də "Hisar" sinfinə aid "TCG Koçhisar" patrul gəmisi təhvil verilib. Hər iki gəmi, layihənin baş podratçısı qismində çıxış edən Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyindəki "Asfat" şirkəti tərəfindən milli hərbi dəniz donanmasının inkişafı proqramı çərçivəsində inşa olunub.(musavat.com)